Dünyada 7 milyarddan çox insan yaşayır. Hər biri fərqli düşüncə, fərqli məqsəd və fərqli arzularla formalaşıb. Kimi bütün dünyaya hakim olmaq istəyir, kimi öz qardaşı ilə eyni evi bölə bilmir, kimi var-dövlət və şöhrət arzusuyla yaşayır, kimi də özündən dövlət və dil yaratmaq iddiasına düşərək dünyanın məhvini belə məqsədinə qurban verməyə hazırdır. Bəs insanı bu qədər ehtirasa, tamaha, nəfsə və bəzən də qəddarlığa aparan nədir?
İnsan yaranandan bəri içində həm nur, həm də qaranlıq daşıyır. Bu dünya isə fanidir — hər birimiz bir gün torpağa qovuşacağıq; bədənimiz çürüyəcək, ruhumuz isə onu Yaradan Allaha dönəcək. Bəs faniliyi bilə-bilə niyə bu qədər qürur, tamah, kin və düşmənçilik içində yaşayırıq? Niyə mərhəmətlə aramıza bu qədər məsafə düşür?
Bunun ən böyük səbəblərindən biri nəfsdir. Nəfis insanı hakimiyyətə, var-dövlətə, başqalarından üstün olmağa təhrik edir. Səbrin yoxluğu isə qəzəbi artırır, insanı zülmə, ədalətsizliyə, hətta qırğına aparır. Halbuki heç bir hakimiyyət, heç bir zənginlik insanla getmir. Nə qədər böyük olsa da, hər şey torpaq altında qalır. İnsan dağıdır, öldürür, torpağı qana bulayır, amma sonda özü də eyni torpağın altına gedir. Bu, insan ağlının qəbul etməli olduğu ən böyük həqiqətdir.
Dinləri təhrif etmək, bir-birinə düşmən kəsilmək, kin və zorakılığı həyat tərzinə çevirmək — bunların hamısı nəfsin insan üzərində qələbəsidir. Amma çoxlarının unutduğu bir həqiqət var: dünya insan üçün imtahan yeridir və bizə əmanət edilən Yer kürəsini qorumaq Allahın əmrinə uymaq deməkdir. Bu əmanəti məhv etmək yox, yaşatmaq insanın borcudur.
Buna görə də insanın doğru yolu mərhəmətdən keçir. Bir olan Allaha səcdə etmək, Onun mərhəmətini yaşatmaq və yaymaq insanı həm ruhən, həm də dünyəvi mənada saflaşdırır. Qonşusu ac olanda yardım etmək, böyüklərə hörmət göstərmək, xəstəyə dayaq olmaq, qohum-əqrəba və dostlarla mehriban davranmaq — bunlar Allahın bəndəsinə əmr etdiyi gözəlliklərdir. Hətta düşmənə mərhəmət göstərmək insanlıq borcudur; çünki mərhəmət yoluxucudur, yaxşılıq etdikcə yaxşılıq yayılır.
Dünyaya sülh, sevgi və mərhəmət yaymaq hər bir insanın məsuliyyətidir. Silahın yox, sözün; qəzəbin yox, anlayışın güclü olduğu bir dünya qurmaq mümkündür. Yetər ki, insan bir dəfə də olsa Allaha səmimiyyətlə səcdə edib Onu ürəyində hiss etsin. O zaman ilahi sevgi və nur qəlbi yumşaldar, ruhu əsənləşdirər, nəfsi cilovlayar.
Ömür keçib gedir, zaman sürətlə axır. Pis vərdişlərə, kinə və mənasız arzulara deyil, dəyərə, gözəlliyə və mərhəmətə yönələk. Dünyanı, təbiəti və bizə verilmiş bədəni qoruyaq. Sevgi, xeyirxahlıq və mərhəmət yayaraq bu fani dünyanı daha gözəl bir yerə çevirək.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
