Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” adlı konfrans keçirilib. Tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub.
Konfrans “Şiddətə qarşı sülhün səsi” adlı pantomim tamaşanın nümayişi və mövzuya həsr olunmuş video-çarxla başlayıb.
Açılış nitqi ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev qeyd edib ki, Azərbaycan qadınlarının sosial, iqtisadi və siyasi həyatdakı artan rolu ölkənin inkişafına mühüm töhfə verir. O bildirib ki, müstəqillik dövründə qadınların cəmiyyətdə rolunun gücləndirilməsi Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritetlərindən biri olub. A.Əliyev vurğulayıb ki, qadınların fəal iştirakı və imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindəndir və hər kəsi gender bərabərliyinin təşviqinə töhfə verməyə çağırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə çıxışında konfransın rəqəmsal zorakılığa qarşı mübarizə və beynəlxalq həmrəylik baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, rəqəmsal mühitdə zorakılığın yayılması 16%-dən 58%-ə qədər dəyişir və bu, hüquqların qorunmasını və təhlükəsizliyin təmin edilməsini prioritet məsələ kimi ortaya qoyur.
B.Muradova əlavə edib ki, ölkə Prezidenti İlham Əliyevin qərarları və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri qadın və qızların müdafiəsi sahəsində müsbət nəticələr yaradır. O həmçinin Suraxanı rayonunda icma dəstəyinin gücləndirilməsi və sosial layihələrin uğurlu həyata keçirilməsi üçün şəraitin mövcud olduğunu bildirib.
Konfrans panel müzakirələrlə davam edib. “Qadın hüquqlarının qorunması – davamlı inkişafın əsas prinsipi” mövzusunda birinci sessiyanın moderatoru Dövlət Komitəsinin hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova olub. Sessiyada gender bərabərliyinin hüquq və cəmiyyətdə sülh, təhlükəsizlik və rifah üçün əsas təməl olduğu vurğulanıb.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova MƏQ-in fəaliyyətindən danışaraq, məişət zorakılığı hallarının izlənməsi, zərərçəkmişlərin hüquqi müdafiəsi və profilaktik tədbirlər barədə məlumat verib.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova bildirib ki, ailə-məişət zorakılığı ilə bağlı yeni Tədbirlər Planı hazırlanıb, qadın polis sayının artırılması və mütəxəssislər üçün təlimlər keçirilir.
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova qeyd edib ki, 2022-ci ildən qadınlar üçün 24 saat fəaliyyət göstərən qaynar xətt yaradılıb və indiyədək 11 mindən çox müraciət daxil olub.
İkinci panel sessiyada BDU-nun professoru Ceyhun Qaracayev moderatorluq edib. Paneldə uşaqların müdafiəsi və məktəblərdə sosial dəstək mexanizmləri, həmçinin “Məktəblinin dostu” layihəsinin ölkə üzrə genişləndirilməsi vurğulanıb.
Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru Almaz Mahmud medianın cəmiyyətdə formalaşdırıcı gücünü qeyd edərək, xüsusilə qadınlar və uşaqlar mövzusunda məsuliyyətli və empatik yanaşmanın vacibliyini vurğulayıb.
Vəkil Lalə Nağıyeva məişət zorakılığı ilə bağlı operativ reaksiya və mühafizə orderlərinin əhəmiyyətini diqqətə çatdırıb, zorakılığın fiziki, psixoloji və iqtisadi formalarını izah edib.
Konfrans panel müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.




Paraqraf.com
![]()
