“Bir çox tələbə üçün işləmək yalnız maddi ehtiyacın qarşılanması deyil, həm də müstəqilliyə doğru atılan addımdır. Lakin bu proses ilk baxışdan göründüyü qədər sadə deyil. Universitet dərsləri, layihələr, sessiya, sosial adaptasiya, şəxsi həyat və eyni zamanda iş — bütün bunların balanslaşdırılması bəzən tələbəni həm psixoloji, həm də fiziki cəhətdən ciddi yükləyir”.
Bu fikirləri Paraqraf.com-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib.
Onun sözlərinə görə, mental və zaman çatışmazlığı tələbələrin ən böyük çətinlikləridir. Lakin məsələ bununla bitmir:

“İşləyən tələbələrin üzləşdiyi əsas problemlərdən biri akademik performansın sabitliyini qorumaqdır. Dərsə davamiyyət azalır, diqqət bölünür, öyrənmə prosesi ardıcıllığını itirir. Xüsusən də ixtisasına uyğun olmayan sahədə çalışan tələbə həm enerji, həm də fokus itkisi yaşayır. Günün böyük hissəsi fiziki və ya emosional enerji tələb edən işdə keçdikdə gecələr dərs oxumaq, araşdırma aparmaq, layihə hazırlamaq çətinləşir. Nəticədə tələbə çox zaman seçim etməli qalır: ya dərslərə üstünlük verəcək, ya da gəlirə”.
O əlavə edib ki, digər bir çətinlik sosial həyatdan tədricən uzaqlaşmadır:
“Həmyaşıdlarla ünsiyyət azalır, tələbəlik mühiti bir növ itir. Universitet yalnız bilik məkanı deyil, eyni zamanda sosial inkişaf, ünsiyyət çevrəsi və şəxsiyyətin formalaşdığı dövrdür. İşləyən tələbə bu mərhələnin müəyyən hissələrini yaşaya bilmədiyi üçün zaman keçdikcə həm sosial həyatında boşluqlar yaranır, həm də özünü həmkarları ilə müqayisədə geri qalmış kimi hiss edə bilir”.
Əmrah Həsənli bildirib ki, motivasiya dalğalanması da mühüm faktordur:
“Uzun iş qrafiki, yorğunluq, davamlı stress bəzən tələbənin özünə inamını zəiflədir. “Alınmır?”, “çatdıra bilmirəm?” kimi düşüncələr bir müddət sonra akademik hədəflərdən uzaqlaşmaya gətirib çıxara bilir. Halbuki düzgün yönləndirmə, universitetlərin dəstək mexanizmləri, elastik tədris modelləri olsa, bu tələbələr həm oxuya, həm də inkişaf edə bilərlər.
Əslində tələbələrin işləməsi yanlış deyil, əksinə, bu proses gənci daha məsuliyyətli, müstəqil, əmək bazarına hazırlıqlı edir. Sadəcə burada balansı qoruyacaq mexanizmlər lazımdır. Universitetlər təcrübə proqramlarını genişləndirməli, dərs cədvəllərini müəyyən hallarda daha çevik etməli, psixoloji dəstək imkanlarını əlçatan etməlidirlər. Çünki bu gənclər sabahın iş mühitində təcrübəli, amma eyni zamanda bilikli mütəxəssislər kimi yetişməlidirlər.
Tələbənin işləmək istəyi müsbət göstəricidir. Bu, iradə, aktivlik və inkişaf arzusu deməkdir. Sadəcə sistem onların həm qazanmasına, həm də öyrənməsinə imkan yaratmalıdır. Təhsil isə yalnız auditoriyada deyil, həyatın tam içində öyrənildikdə daha dəyərli olur”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
