Bir neçə gün öncə 500 nömrəli yeni müntəzəm marşrut xətti istifadəyə verilib. Bu xətt üzrə çalışan avtobuslar yenilənmiş qrafiklə fəaliyyət göstərir. Lakin sərnişinlər avtobusların hərəkət sürətinin saatda 50 km-dən artıq olmadığını bildirirlər.
Mövzu ilə bağlı “BakuBus” MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbə müdiri Əsmər Əliyeva “Paraqraf.com”a açıqlamasında bildirib ki, yeni xətt üzrə avtobusların sürət hədləri mövcud normativlər, xəttin xüsusiyyətləri və təhlükəsizlik amilləri nəzərə alınaraq müəyyən edilib:

““BakuBus” MMC tərəfindən istismar olunan marşrut xətləri üzrə maksimal sürət hədləri belədir:
– Şəhərlərarası və şəhərlərarası xarakterli müntəzəm marşrut xətləri: 90 km/saat
– Sumqayıt və hava limanı ekspres xətləri: 70 km/saat
– 149, 150, 120E, 141E və 120 nömrəli marşrut xətləri: 60 km/saat
– Digər müntəzəm marşrut xətləri: 50–60 km/saat
500 nömrəli yeni marşrut xətti də müntəzəm marşrut kateqoriyasına aid olduğundan bu xətt üzrə avtobusların maksimal hərəkət sürəti 60 km/saat olaraq təsdiqlənib. Bu qərar marşrutun yol infrastrukturunun xüsusiyyətləri, təhlükəsizlik göstəriciləri və sərnişin daşınmasına dair texniki tələblər nəzərə alınmaqla qəbul edilib” .
Əsmər Əliyeva əlavə edib ki, 500 nömrəli xətt üzrə avtobusların real vaxt rejimində hərəkəti “BakuBus” MMC-nin Onlayn monitorinq mərkəzi tərəfindən izlənir:
“Sürət intizamına əməl olunması, dayanacaqlara uyğun hərəkət və təhlükəsizlik tələblərinin yerinə yetirilməsi daimi olaraq nəzarətdə saxlanılır. Zərurət yaranarsa, xətt üzrə sürət tələblərinə yenidən baxıla bilər”.
O qeyd edib ki, son dövrlərdə tətbiq olunan sürət tənzimlənməsi qərarları qəza statistikasına müsbət təsir göstərib və ümumi qəza göstəriciləri 40% azalıb:
“Bu, tənzimləmələrin əsas məqsədinin – sərnişin təhlükəsizliyinin artırılmasının – real nəticələrini göstərir. Paytaxtda xüsusi avtobus zolaqlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Zolaqların genişlənməsi marşrutların hərəkət dinamikasına təsir edir və bu dəyişiklik sürət qaydalarına yenidən baxılmasını zəruri edə bilər. “BakuBus” olaraq əsas prioritetimiz sərnişinlərin təhlükəsiz, nizamlı və komfortlu şəkildə daşınmasını təmin etməkdir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
