Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.
Bu barədə məlumatı Ukrayna lideri sosial şəbəkə hesabında yayıb.
Səfərin noyabrın 19-da baş tutacağı bildirilib.
“Danışıqların aktivləşdirilməsinə hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz konkret həllərimiz var. Müharibənin sonunu yaxınlaşdırmaq üçün var gücümüzlə çalışmaq Ukraynanın birinci prioritetidir. Həmçinin əsirlərin mübadiləsini və geri qaytarılmasını bərpa etmək üçün səylər göstəririk”, – Zelenski qeyd edib.
Politoloq Züriyə Qarayeva “Paraqraf.com”a açıqlamasında bildirib ki, Zelenskinin Türkiyəyə planlaşdırdığı səfər hazırkı regional vəziyyət fonunda həm siyasi, həm də təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır:

“Zelenskinin “danışıqların aktivləşdirilməsi” və “müharibənin sonunu yaxınlaşdırmaq” ifadələri onun Ankaraya konkret gündəmlə yollandığını göstərir. Türkiyənin NATO üzvü kimi, eyni zamanda Rusiya ilə dialoq kanallarını açıq saxlayan ölkələrdən biri olması səfərin strateji dəyərini artırır.
Kiyev üçün əsas hədəflərdən biri müdafiə və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsidir. Türkiyə Ukraynanın dron imkanlarının artırılmasında və müdafiə sənayesinin dəstəklənməsində mühüm rol oynayıb. Zelenski bu istiqamətdə Ankaradan daha praktik addımlar gözləyir. Bu, döyüş meydanının dinamikasına təsir göstərə və Ukraynanın müdafiə qabiliyyətini gücləndirə bilər”.
Politoloqun sözlərinə görə, səfərin digər mühüm istiqaməti Qara dənizdə təhlükəsizlik məsələləridir:
“Ukrayna üçün tədarük marşrutları, taxıl dəhlizinin sabitliyi və Rusiya blokadalarının azaldılması son dərəcə vacibdir. Türkiyə Montre konvensiyasına nəzarət edən ölkə kimi burada unikal təsir imkanına malikdir və Zelenski Ankaranın Qara dəniz koordinasiyasını daha aktiv həyata keçirməsini istəyəcək. Bu, həm logistik sabitlik, həm də regional təhlükəsizlik baxımından Ukraynanın maraqlarına uyğundur.
Zelenskinin vurğuladığı əsir mübadiləsi mövzusu isə həm humanitar, həm də siyasi əhəmiyyət daşıyır. Əvvəlki geniş mübadilə paketlərinin Türkiyənin vasitəçiliyi ilə həyata keçirilməsi Ankara–Kiyev arasında etibarlı əməkdaşlıq nümunəsi yaradıb. Zelenski bu mexanizmin bərpasına ümid edir”.
O əlavə edib ki, Türkiyə həm Rusiya ilə dialoq kanalı, həm Qərblə koordinasiya edən NATO tərəfdaşı, həm də Ukraynaya real hərbi dəstək göstərən regional güc kimi proseslərə təsir edə bilən nadir aktorlardandır:
“Türkiyənin humanitar vasitəçilik və diplomatik körpü rolunu davam etdirməsi Kiyevin sülh istiqamətində addımlarına dəstək verə bilər. Zelenski üçün bu səfər hərbi əməkdaşlığın dərinləşdirilməsi, siyasi dəstəyin möhkəmləndirilməsi və diplomatik fəaliyyət üçün əlavə manevr imkanları baxımından böyük əhəmiyyət daşıyır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
