Azərbaycan Hava Yolları (AZAL) təyyarələrdə portativ şarj cihazlarından, yəni powerbanklardan istifadə ilə bağlı yeni təhlükəsizlik tələbləri tətbiq edib. Qaydalardakı dəyişiklik sərnişinlərin uçuş zamanı daha yüksək təhlükəsizlik standartları ilə təmin olunması məqsədi daşıyır. Yenilənmiş tələblərə əsasən, artıq powerbankların istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlər qüvvədədir.
Mövzu ilə bağlı paraqraf.com-un sorğusuna cavab olaraq AZAL-ın mətbuat xidmətində bildirilib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur və yeni qaydalara əsasən:
“Təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır; şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz; şarj cihazlarını yuxarı baqaj rəflərində saxlamaq qadağandır- onlar sərnişinin yanında, ekipajın operativ müdaxilə edə biləcəyi yerdə olmalıdır; yalnız zavod markalaması olan, nominal tutumu 100 vat/saatadək bir ədəd portativ şarj cihazının daşınmasına icazə verilir”.
Şarj cihazlarının daşınma qaydası onların enerji tutumuna uyğun olaraq beynəlxalq standartlara əsasən müəyyən edilir:
“Tutumu 100vat/saatadək olan cihazların əl yükündə daşınmasına icazə verilir. 100-160 vat/saat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər. Qeyd edək ki, bu kateqoriyaya aid cihazların qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır”.
AZAL sərnişinlərə xəbərdarlıq edir ki, portativ şarj cihazlarında nasazlıq əlamətləri (həddindən artıq qızma, korpusun deformasiyası və ya kənar qorxu) müşahidə etdikdə dərhal ekipaj üzvlərinə məlumat versinlər.
Cəfərova Validə
Paraqraf.com
![]()
