İnsana göz verilib ki, görsün; can verilib ki, yaşasın; dünya verilib ki, düşünərək mənalandırsın. Amma çox vaxt insan bunların heç birinin dəyərini bilmir. Sanki ruhən kor olur — zahirən görsə də, batinən heç nəyi dərk etmir. Allahın yaratdığı gözəllikləri, təbiətin ecazını, ailənin dəyərini, sevginin ucalığını unudur.
Niyə belə olur? Çünki insanın baxışı çox zaman yalnız pula, mala, var-dövlətə yönəlir. Hərislik qəlbin nurunu örtür və insan Allahın sevgisini hiss etmədən bu dünyada kor kimi gəzir.
Biz “Allaha inanırıq”, “sevirik” deyirik, amma çox vaxt özümüzü aldadırıq. Dilimizdə iman var, qəlbimizdə isə dünya. Pulun və var-dövlətin ardınca Allahdan daha çox qaçırıq. Halbuki insan sabah oyanacağını belə bilmir. Ömür 60 ildirsə, onun 30-u yuxuda keçir, qalan 30 ildə isə sanki mənasız bir yarış içindəyik.
Hər səhər nəfsimizinmi, yoxsa dünyanınmı ardınca qaçdığımız belə bəlli olmur. Yaxşı günlərdə özümüzü hamıdan yüksək görürük, çətinlik gələndə isə Allahı yada salırıq. Üstəlik, Allahın haram buyurduqlarını özümüzə halal edir, ətrafdakılara da bunu təlqin edirik. Bizim üçün çox zaman önəmli olan iman və sevgi deyil — güc, pul və var-dövlətdir.
İnsanın gözü çox vaxt yalnız ölüm yaxınlaşanda açılır. Son nəfəsdə anlayırıq ki, Allahın bizə verdiyi sağlam bədənə necə qıymışıq, nəfəsi necə israf etmişik, gəncliyi nə qədər boş yerə xərcləmişik. O anda dünyaya bağlandığımız hər şey mənasız görünür, çünki gerçək olan yalnız iman, əməllər və qalan xatirələrdir.
Amma bəzən çox gec olur. İnsan ömrü boyu kor gəzir və həqiqəti ən sonda görür.
Gözlərimiz açıq ikən qəlbimizi də oyadaq. Dünyanı yalnız maddi gözü ilə deyil, mənəvi gözü ilə də dərk edək. Allahın verdiyi nemətləri yaşamadan, sevmədən, qiymətləndirmədən kor kimi gəzməyək.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
