Dünyada son illər sürətlə yayılmağa başlayan 4 günlük iş rejimi əmək bazarında yeni trendlər formalaşdırır. Bir çox ölkələrdə tətbiq edilən bu model həm işçilərin rifahını artırması, həm də məhsuldarlığa müsbət təsir göstərməsi ilə gündəmdədir. Azərbaycan ictimaiyyətində də bu mövzu tez-tez müzakirə olunur və mütəxəssislər bu sistemin ölkəmizdə tətbiq olunmasının mümkünlüyü barədə müxtəlif yanaşmalar irəli sürürlər.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Paraqraf.com-a açıqlamasında bildirib ki, 4 günlük iş həftəsinin tətbiqi daha çox İT sektoru, media sahəsi, bankların analitik bölmələri və dövlət idarəçiliyinin qeyri-xidmət sahələrində real görünür:

“İstehsalat, səhiyyə və təhsil kimi sahələrdə isə mərhələli keçid daha məqsədəuyğundur. Belə bir sistemə keçid üçün bir sıra addımlar vacibdir. Qanunvericiliyin yenilənməsi, pilot layihələrin həyata keçirilməsi, iş proseslərinin rəqəmsallaşdırılması və işəgötürənlərə stimulların verilməsi əsas mexanizmlərdir. Bundan əlavə, cəmiyyətdə məhsuldarlıq və iş mədəniyyəti barədə düzgün məlumatlandırma da aparılmalıdır”.
Ekspertin sözlərinə görə, dördgünlük iş rejimi işçilərin psixoloji sağlamlığına müsbət təsir göstərir:
“Ailə institutunu gücləndirir və miqrasiya meyllərini azalda bilər. Xidmət sahələrində növbəlilik hesabına fasiləsiz işin təmin olunması mümkündür. Lakin kiçik bizneslərin uyğunlaşması və bəzi sahələrdə iş yükünün sabit qalması müəyyən çətinliklər yarada bilər. Ofis sahələrində 32 saatlıq iş rejimi, xidmət sahələrində növbəlilik, istehsalatda isə uzadılmış iş növbələri – ölkənin sosial-iqtisadi reallıqlarına uyğun yanaşmadır”.
Cəfərova Validə
Paraqraf.com
![]()
