Statusundan və titulundan asılı olmayaraq şəxs haqqında bəzən yanlış olaraq müsbət və ya mənfi fikir formalaşa bilər. Həqiqi sima açıldıqca adətən ətrafdakıların münasibətinin dəyişməsi də məntiqlidir. Təəssüf ki, bəzən şəxsin xarakteri – xüsusilə mənfi obrazı bütün çılpaqlığı ilə üzdə olanda da, ondan müsbət addımlar gözləyirlər. Vladimir Putin 25 ildən çoxdur ki, Rusiya prezidentidir, Donald Tramp da ABŞ prezidenti kimi ikinci prezidentlik müddətini yaşayır. Bu şəxslərin xarakteri və prinsipləri illərdir dünyanın gözü qarşısındadır və apardıqları siyasətin mahiyyətinin nədən ibarət olduğu bilindiyi halda, hələ də dünya Trampın və Putinin tezliklə Ukrayna müharibəsinə son verəcəyi ümidindədir və görünür başqa ümid mənbəyi olmadığından, belə bir vəziyyət dəyişməz olaraq qalır.
Putin müharibə adamıdır. Hakimiyyətə gəldiyi ilk gündə Çeçen müharibəsini amansızlıqla yatırdı. Ardınca Gürcüstanla müharibə aparıb, Abxaziya və Cənubi Osetiyanı işğal etdi. 2014-cü ildən başladığı Ukrayna müharibəsini isə 2022-ci ilin əvvəlindən daha kəskin şəkildə davam etdirir. 2014-də Krımın tam, Donbasın yarısını işğal edən Rusiyaya beynəlxalq səviyyədə heç bir təzyiq olmadığı üçün Putin irimiqyaslı Ukrayna müharibəsini dörd ildir ki, davam etdirir və öz xoşu ilə də bu qanlı müharibəni dayandırmaq niyyətində deyil. Bu reallığı Qərbi Avropa, ABŞ, konkret olaraq Tramp görmürmü? Bəs, münasibət niyə dəyişmir?

Putinin hücumunun nəticədə uğursuz olacağına Qərbin inandırmaq taktikası özünü doğrultmadı. Məlum oldu ki, Ukraynaya qarşı başlatdığı 12 illik müharibədən sonra Putin sağ olduğu müddətdə belə bir nəticə olmayacaq. Putin müharibə üçün pul tapacaq, cəmiyyət üçün yox. O, cəmiyyətinə bələddir və Putin Rusiya cəmiyyətinin aynasıdır. Putin Qərbi Avropada, ABŞ-da guya Rusiya ilə bağlı olmayan böyük şirkətlər qurub və o şirkətlərdən gələn milyonlar Ukrayna müharibəsinə yönləndirilir. Bütün baş verənlərin fonunda Qərb, ABŞ Ukraynadakı müharibəyə yanaşmasını dəyişməlidi, Rusiyaya qarşı daha radikal qərarlar qəbul etməlidirlər.
Trampın “24 saata bu müharibəni bitirəcəm” vədinə inananlar isə səlahiyyətlərinin icrasına başladığı vaxtdan bu günədək apardığı siyasətin daha çox Putinyönümlü olduğuna şübhə etməsələr də, hələ də ona ümid yeri kimi baxmaqda davam edirlər.
Ümid yaxşı hissdir, amma Ukrayna müharibəsi uzandıqca, bu ümid Nitsşenin dediyi kimi “ xəstəliyə çevrilir və insan əzablarının artmasına xidmət edir”. Bu əzabın mərkəzində isə Ukrayna xalqı, Ukrayna dövləti dayanır, həm də qəhrəmanlıqla dayanır.

Putin müharibəni dayandırmaq istəmir, Tramp isə Rusiyaya qarşı zəruri olan təzyiqləri göstərmir. Üstəlik, dövlət katibi Marko Rubionun G-7 sammitində aciz səslə “ABŞ-nin əlində başqa bir təzyiq vasitəsi yoxdur” deməsi, yalnız Tramp siyasətinin iflasının deyil, ABŞ-nin beynəlxalq nüfuzunun nə qədər zədələndiyinin göstəricisidir.
Putin müharibəni davam etdirəcək, Tramp da siyasətini dəyişməyəcək, amma Trampın özünün vaxtından əvvəl vəzifədən göndərilməsi yenidən Birləşmiş Ştatların siyasi gündəminə gəlib. ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki demokratlar yeni ifşaedici materiallar yayıb. Maliyyəçi və məhkum edilmiş pedofil Ceffri Epşteynin istintaqından ABŞ prezidenti Donald Tramp haqqında əldə edilmiş bir neçə yeni elektron poçtlar üzə çıxıb. Burada azyaşlı qızların seksual istismarında Trampın da iştirak etdiyi və hətta, qurban olmuş qızlardan biri ilə Epşteynin evində bir müddət birlikdə qaldığı barədə də məlumatlar var.

Diqqətçəkən başqa bir məsələ isə Trampın hələ prezidentlikdən əvvəl Rusiya ilə gizli əlaqələrin olması barədə Epşteynin istintaqa verdiyi ifadələrdə yer almasıdır. CNN telekanalında yayılan məlumatlar içərisində, adı hələlik çəkilməsə də, Trampın hansı Rusiya məmuru ilə görüşməsi də yer alıb. Gələn ilin noyabrında ABŞ-da Konqresə və Senata (bütün səviyyələrdə) aralıq seçkilər keçiriləcək. Qeyd olunan ifşaedici materialların əsasında seçkilərdən sonra Trampın impiçment məsələsinin qoyulacağı barədə indidən fikirlər yayılmaqdadır. Amma, bu prosesin zaman kəsiminin uzunluğu və müsbət sonluqla bitməsinin az inandırıcılığı arxayınlıq yarada bilməz. Proqnozlaşdırılması çətin olan Trampın Ukrayna müharibəsinə münasibətdə, tezliklə olmasa da, mövqeyində dəyişiklik gözlənirsə, Putinin öz istəyi ilə dəyişəcəyi gözlənilmir. Putinin dəyişməsi Trampın dəyişməsindən keçir.

Amerika Ukraynaya silahı satmasın, versin. “Tomohavk”ı mütləq verəcəyini elan etsin. Venesuelanın, İranın üstünə hansı qətiyyətlə gedirsə, Rusiyaya da o münasibəti daha sərt şəkildə göstərsin. Təzyiq vasitəsi çoxdur, yoxsa Rubio kimi “ başqa sanksiya imkanımız yoxdur” deyib, yaxanı kənara çəkdinsə.., şimal ayısı “ bostandan” çıxmayacaq.
![]()
