Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru, kinorejissor Səidə Haqverdiyeva həyat yoldaşı, teatrın direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə boşanmaq qərarına gəlib.
Paraqraf.com xəbər verir ki, bu barədə Səidə Haqverdiyeva özünün “Facebook” hesabında diqqətçəkən paylaşım edib.
“Bu gün uzun götür-qoydan sonra bəlkə də radikal görünən bir addım atdım: Rəşad Əhmədzadə ilə yollarımı ayırıram və boşanmaq üçün müraciət etmişəm. Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Evli olduğumuz 10 il ərzində hər zaman qayğıkeş, ədalətli və xeyirxah olub. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir, amma buna məcburam”, – deyə o bildirib.
Rejissor qeyd edib ki, son illər ərzində həyat yoldaşına mənəvi təzyiqlər göstərilib və bu, onun səhhətinə ciddi təsir edib:
“Beş ilə yaxındır ki, məhz mənə görə müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz”.
Səidə Haqverdiyeva əlavə edib ki, Rəşad Əhmədzadə bu qərarı xoş qarşılamasa da, onun seçimlərinə hörmətlə yanaşıb.
O, həmçinin yaxın günlərdə özünə və ailəsinə təzyiq göstərən şəxslər barədə ətraflı məlumat paylaşacağını bildirib:
“Səbr kasam dolub. İstəyirəm ki, siz də o adamları tanıyasınız. Davamı olacaq”.
Xatırladaq ki, 2022-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 27 gün davam edən yoxlama aparılıb. Həmin dövrdə teatrın yaradıcı heyətinin əksəriyyəti dindirilməyə çağırılıb və onlardan izahatlar alınıb.
Səidə Haqverdiyeva o zaman verdiyi açıqlamada bildirmişdi ki, nə o, nə də teatrın rəhbəri, həyat yoldaşı Rəşad Əhmədzadə dindirilməyib:
“Yoxlama davam edir. Teatr kollektivinin çoxunu dindiriblər, hətta onlara izahat da yazdırıblar. Hələlik vəziyyət belə də davam edir”.
İddialara görə, yoxlamalar S.Haqverdiyevanın nazirliyi tənqid etməsindən sonra başlanıb. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə həmin vaxt bildirmişdi ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda müəyyən pozuntulara dair müraciətlər daxil olub və yoxlamalar mərhələli şəkildə digər teatrlarda da davam etdiriləcək.
![]()
