Bir il ərzində mindən çox sahibkar KOB Model Müəssisə vasitəsilə öz istehsalını daha səmərəli idarə etməyi öyrənib.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, KOB Model Müəssisəsi 2025-ci ilin ötən dövrü ərzində sahibkarlara istehsal prosesinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli dəstək göstərib.
Cari ilin ötən dövründə Model Müəssisə tərəfindən 460 saatdan çox təlim keçirilib ki, bu təlimlərdə 1 360-a yaxın sahibkar və istehsalat sahəsində çalışan mütəxəssislər iştirak ediblər. Təlimlərin məqsədi sahibkarlara öyrəndikləri bilikləri öz müəssisələrində tətbiq edərək məhsuldarlığı artırmağa, xərclərə qənaət etməyə və istehsal prosesindəki itkiləri azaltmağa dəstək olmaqdır.
KOB Model Müəssisəsində keçirilən təlimlər sahibkarların real ehtiyaclarına uyğun olaraq vaxta və xərclərə qənaət üsullarının öyrənilməsi, resurslardan səmərəli və adekvat istifadənin mənimsənilməsi, standartlaşdırma, vaxtın ölçülməsi, qənaətli istehsal metodlarının əyani təbliği, “Soft skills” (yumşaq bacarıqlar), layihə idarəetməsi, maliyyənin və təchizat zəncirinin idarəolunması, satış və marketinq mövzularını əhatə edib. Eyni zamanda, son illərdə sahibkarların rəqəmsal bacarıqlara və yaşıl iqtisadiyyata keçidə göstərdikləri maraq nəzərə alınaraq bu mövzularda da təlimlər təşkil olunub.
Təlimlərlə yanaşı, KOB Model Müəssisəsi tərəfindən ümumilikdə 840 saat beş KOB subyektinə onların müəssisəsində real istehsal proseslərinin təhlili və yaxşılaşdırılması üzrə məsləhət xidməti göstərilib. Bu xidmətlər 2025-ci ilin sonunadək davam etdiriləcək.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış KOB Model Müəssisəsi sahibkarlıq subyektlərinin inkişafı üçün “görmə, eşitmə və icraetmə” konsepsiyası əsasında fəaliyyət göstərən, praktiki bilik və təcrübənin birləşdiyi unikal mərkəzdir. Model Müəssisə Azərbaycan Texniki Universitetində fəaliyyət göstərir. Model müəssisənin imkanlarından faydalanmaq istəyən, istehsal sahəsində çalışan biznes subyektləri KOBİA-ya və ya Model Müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. KOB Model Müəssisəsi tərəfindən sahibkarlara göstərilən xidmətlər ödənişsizdir.
Paraqraf.com
![]()
