Körpə yaşlarından o, nağılların sehrli dünyasında böyümüşdü. Hər axşam anasının səsi ilə oxunan bir hekayə onun üçün sanki yeni bir aləm yaradırdı. Zaman keçdikcə o, bu hekayələri təkcə dinləmir, artıq özü də oxumağa başlayırdı. Kitabların sətirləri onun dostuna, qəhrəmanları isə sirdaşına çevrilmişdi.
O, sakit bir guşədə oturub kitabını açanda sanki başqa bir dünyaya keçirdi. O aləmdə kədər yox idi, hər kəs mehriban idi, təbiət gülümsəyirdi, insanlar isə yardımla dolu idilər. Hər səhifə onun üçün bir qapı idi — bir qapı ki, o, hər dəfə açanda bir az da böyüyürdü.
Hər gün bir az oxuyurdu — bəzən dərsdən sonra, bəzən səhərin ilk işığında, bəzən də gecənin dərin sükutunda. Onun üçün kitab sadəcə kağız deyildi; o, bir nəfəs idi, bir ürək idi, bir dost idi. Ən çox da insana dəyər, elm və sevgi aşılayan kitabları sevirdi.
Bir gün şəhərdə kitab sərgisi keçiriləcəyini eşitdi. İçindəki uşaq sevincdən qanadlandı. Sərgi günü gəldikdə, o, minlərlə kitabın arasında özünü tapdı. Hər kitabı əlinə alıb sanki onunla söhbət edirdi. Romanlar, nağıllar, şeirlər, tarixi kitablar — hamısı onu öz dünyasına çağırırdı.
Sərgidə gəzərkən birdən içində bir arzu doğdu: “Mən də yazmaq istəyirəm.” Düşündü ki, bəlkə bir gün o da elə bir kitab yazar ki, kiminsə həyatına işıq salsın. O gündən sonra hər axşam bir dəftər açıb fikirlərini yazmağa başladı. Sözlər yavaş-yavaş cümləyə, cümlələr isə hekayəyə çevrilirdi.
O, uşaqlara oxuduğu nağıllarla kitab sevgisini aşılayır, onlara deyirdi: “Hər kitab bir dünyadır, hər səhifə bir xəzinə”,
Və biz – onu tanıyan hər kəs – ürəkdən inanırıq ki, o, bir gün öz kitabını yazacaq. O kitabda onun mehriban, təbiəti sevən və insanlara yardım edən qəhrəmanları yaşayacaq.
Çünki kitab sadəcə bir əşya deyil. O, müəllifin ruhudur, oxucunun aynası, insanın ömür yoludur.
Elə buna görə də, gəlin oxuyaq, öyrənək və kitabların sehrinə dalmaqdan qorxmayaq. Çünki kitablar bizə özümüzü tapmağın ən gözəl yolunu göstərir.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
