Son illərdə Azərbaycan gəncləri arasında xaricə köçmək meyili nəzərəçarpacaq dərəcədə artıb. Qloballaşma prosesi, informasiya və imkanlara çıxışın asanlaşması gənclərin dünyagörüşünü genişləndirərək onların xaricdə yaşamağa və işləməyə marağını gücləndirib.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli paraqraf.com-a açıqlamasında bildirib ki, gənclərin ölkədən köçməsinin əsas səbəbi daha yaxşı karyera qurmaq və keyfiyyətli həyat tərzinə sahib olmaq istəyidir:

“İnternet çağında yaşayırıq. Gənclər xarici dilləri daha yaxşı bilir, dünyada baş verənləri yaxından izləyir və təbii olaraq, xaricdə təhsil almaq, orada karyera qurmaq arzusundadırlar”.
Ekspertin sözlərinə görə, Azərbaycanda karyera imkanlarının məhdudluğu bu meyili daha da artırır. Rəsmi sektorda iş yerlərinin azlığı, qazanc səviyyəsinin aşağı olması və kiçik-orta sahibkarlığın zəif inkişafı gənclərin potensialını reallaşdırmasını çətinləşdirir.
Natiq Cəfərli hesab edir ki, gənclərin kütləvi şəkildə ölkəni tərk etməsi yalnız fərdi qərar deyil, həm də dövlət üçün ciddi itki sayılmalıdır:
“Bu, dövlət üçün xoş mənzərə deyil. Azərbaycandan gedən hər bir gənc təkcə özünü deyil, həm də dövlətin ona yatırdığı sərmayəni aparır. Orta hesabla bir vətəndaşın təhsilinə 20-25 min dollar xərclənir. Bu, həm valyuta itkisinə, həm də insan kapitalının azalmasına səbəb olur”.
Ekspert çıxış yolunu gənclər üçün ölkə daxilində inkişaf perspektivlərinin yaradılmasında görür:
“Dövlət qurumları bu məsələyə xüsusi diqqət yetirməlidir. Elə şərait formalaşdırılmalıdır ki, gənclər gələcəklərini və karyera imkanlarını məhz Azərbaycanda görsünlər”.
Cəfərova Validə
Paraqraf.com
![]()
