İçki insan həyatında ən böyük zərərlərdən biridir. Bəzi insanlar düşünürlər ki, içki gözəldir, insana həzz verir. Ancaq bu düşüncə tamamilə yanlışdır. Bəli, spirtin bəzi tibbi hallarda müsbət tərəfləri ola bilər, amma onun insan həyatı üçün yaratdığı mənfi nəticələr bəşəri fəlakət sayılacaq qədər ciddidir.
Spirtli içki insanın ən pis vərdişlərindən biridir. Onun tərkibindəki maddələr insanı yavaş-yavaş özündən uzaqlaşdırır, onu həm mənəvi, həm də fiziki cəhətdən zərərli hala salır. İçki içən insan zamanla özünü itirir, sanki ruhunu şeytana satır. O, ailəsinə, cəmiyyətə və öz həyatına qarşı məsuliyyətsiz davranmağa başlayır.
Bəzən içki içən şəxs özünə saxta inam yaradır, amma bu inam onu ucalığa yox, uçuruma aparır. İçkinin təsiri altında insan aqressivləşir, söyüşə, zorakılığa meyil edir, ailə üzvlərinə qarşı pis rəftar göstərir. Bu mənzərəni görən uşaqların psixologiyası zədələnir, onlar cəmiyyətə qapalı və qorxaq fərdlərə çevrilirlər. Nəticədə ailə bağları qırılır, evlər dağılır.
Sağlamlıq baxımından da spirtli içkinin zərərləri saysız-hesabsızdır. O, daxili orqanları zədələyir, ürək döyüntülərini pozur, infarkt riskini artırır və vaxtından əvvəl qocalmaya səbəb olur. İnsan yaşlandıqca bu zərərlərin nə qədər ağır olduğunu daha dərindən anlayır, amma çox vaxt artıq gec olur.
İçki bir çox insanın ailəsini dağıdıb, işini batırıb, dostlarını itirib və minlərlə qəzaya səbəb olub. Əgər bir insanın məqsədi gözəl ailə qurmaq, xoşbəxt həyat yaşamaqdırsa, o, içkidən uzaq durmalıdır. İçkiyə verilən pul əgər ailəyə və ya cəmiyyətin inkişafına xərclənsə, həm insanın özü, həm də ətrafı üçün faydalı olar.
Məsələn, bir litr spirtli içkiyə verilən pula iki ağac əkilə bilər. Həmin ağaclar böyüyüb yüzlərlə, minlərlə ağaca çevrilər, həm təbiətə, həm də insan sağlamlığına xeyir verər.
Unutmayaq ki, şəhid və qazilərin adından badə qaldırmaq böyük hörmətsizlikdir. Şəhidlik zirvəsi İslamdan, Qazilik isə Türk törəsindən gələn ən yüksək dəyərlərdir. Onların adını spirtlə anmaq, o müqəddəsliyi ləkələmək deməkdir.
Tarix boyu böyük imperiyalar – Ərəb, Səlcuq və Osmanlı imperiyaları – içkini qadağan etmiş, İslam isə onu haram buyurmuşdur. Onların döyüşçüləri, 60-70, hətta 90 yaşlı qəhrəmanları içki içmədən, saf qəlblə vuruşaraq şəhidlik və qazilik zirvəsinə yüksəlmişlər.
Allah bizə verdiyi ruhu və bədəni saf saxlamağı əmr edib. Gəlin bu bədəni ləkələməyək. Hər birimizin mənfi tərəfi ola bilər, amma gəlin onları müsbətə çevirək. Övladlarımız bizə baxıb örnək alsın, cəmiyyətimiz dəyişsin.
Unutmayaq: dəyişimin başlanğıcı özümüzük.
Elçin Ağasiyev
![]()
