Havaların soyuması ilə birlikdə ürək-damar sisteminə düşən yük də artır. Payız və qış aylarında temperaturun enməsi, külək və rütubət orqanizmdə fizioloji dəyişikliklərə səbəb olur. Bu isə xüsusilə ürək xəstəliyi olan insanlar üçün müəyyən risklər yaradır.
Mövzu ilə bağlı kardioloq Gülanə Ağayeva Paraqraf.com-a açıqlamasında bildirib ki, soyuq hava şəraitində bədən istiliyini qorumaq üçün damarlar daralır və bu proses ürəyin işini çətinləşdirir:

“Soyuq havada orqanizm istilik itkisini minimuma endirmək üçün periferik damarların daralması – yəni vazokonstriksiya mexanizmini işə salır. Bu, qan təzyiqinin yüksəlməsinə, ürəyin yüklənməsinin artmasına və nəticədə miokardın oksigenə olan tələbatının çoxalmasına səbəb olur”.
Kardioloqun sözlərinə görə, bu vəziyyət sağlam insanlarda ciddi problem yaratmasa da, koronar arteriya xəstəliyi və ya ürək çatışmazlığı olan şəxslər üçün təhlükəli ola bilər:
“Belə hallarda damarların daralması ürəyə gedən qan axınını azaldır və ağrı, nəfəs darlığı, bəzən də infarkt riski yarada bilər”.
Gülanə Ağayeva əlavə edib ki, soyuq havalarda qəfil temperatur dəyişiklikləri də ürəyə əlavə yük salır:
“Çöldən isti mühitə keçərkən və ya əksinə, bədən birdən-birə istilik fərqinə məruz qalırsa, bu zaman damarlar ani şəkildə daralıb-genəlir. Bu da qan dövranının sabitliyini poza bilər”.
Kardioloq vurğulayıb ki, soyuq hava ürək üçün əlavə stress faktoru sayılır. Buna görə də xüsusilə risk qrupunda olan pasiyentlər bu aylarda özlərini daha diqqətlə qorumalı, bədənlərini isti saxlamalı və qəfil temperatur dəyişikliyindən uzaq durmalıdırlar.
Cəfərova Validə
Paraqraf.com
![]()
