Payızın gəlişi ilə təbiətdəki dəyişikliklər insanların psixoloji vəziyyətinə də təsir edir. Günlərin qısalması, havaların soyuması və günəş işığının azalması bir çox insanda halsızlıq, yorğunluq və motivasiyasızlıq yaradır.
Mövzu ilə bağlı psixoloq Zəhra Quliyeva Paraqraf.com-a açıqlamasında bildirib ki, payız və qış aylarında orqanizmdə bəzi biokimyəvi dəyişikliklər baş verir:

“Günlərin qısalması və günəş işığının azalması orqanizmdə serotonin və D vitamini səviyyəsini aşağı salır. Bu da əhvalın pisləşməsinə, yuxululuq və həvəsizlik hissinin yaranmasına səbəb olur”.
Mütəxəssis vurğulayıb ki, mövsüm dəyişikliklərinə reaksiya hər insanda eyni olmur. Bu fərq temperament tipləri ilə bağlıdır:
“İnsanların xarakterləri temperament tiplərinə bölünür və bu tiplər mövsümi dəyişikliklərə fərqli reaksiya verir”.
Psixoloqun sözlərinə görə, fəsil depressiyası daha çox melanxolik temperamentli insanlarda müşahidə olunur:
“Onlar emosional baxımdan daha dərin hiss edən və əhval dəyişikliklərinə qarşı daha həssas şəxslərdir. Gün işığının azalması, havanın soyuması və təbiətin “sakitləşməsi” bu insanların ruh halına daha çox təsir edir”.
O əlavə edib ki, bəzən fleqmatik tipli insanlarda da bu hal müşahidə oluna bilər:
“Çünki onlar enerjini mühitdən az alır və dəyişikliklərə daha yavaş uyğunlaşırlar”.
Cəfərova Validə
Paraqraf.com
![]()
