Bu gün 44 günlük Zəfər müharibəsinə həsr olunmuş xüsusi vebinar təşkil edilib. Tədbir Dərya Groupun təşkilatçılığı ilə baş tutub və vebinarın moderatorluğunu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin baş leytenantı Kamil Musavi həyata keçirib.
Vebinarın əsas məqsədi 2020-ci ildə baş vermiş Vətən müharibəsinin tarixi əhəmiyyətini, xalqımızın birliyini və qəhrəman övladlarımızın göstərdiyi igidliyi bir daha xatırlatmaq olub.
Tədbirdə Paraqraf.com-un baş redaktoru Həsən Məmmədov çıxış edərək 44 günlük müharibənin informasiya cəbhəsində qazanılan qələbələrindən, media nümayəndələrinin bu prosesdəki rolundan və milli həmrəyliyin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Zəfər gününün qeyd olunması təkcə hərbi uğurun deyil, həm də xalqın iradə və vətənpərvərlik ruhunun təntənəsidir.
Vebinarın sonunda Dərya Groupun təsisçisi və rəhbəri Aytac Məhərrəmova çıxış edərək tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib. O, çıxışında vurğulayıb ki, bu cür tədbirlər gənclər arasında milli ruhun, vətən sevgisinin və dövlətçilik düşüncəsinin möhkəmlənməsi baxımından böyük önəm daşıyır:
“Biz bu vebinarlarla şəhidlərimizin əziz xatirəsini yaşadır, qazilərimizə olan hörmət və ehtiramı bir daha ifadə edirik. 44 günlük Zəfər bizim tariximizin qürur səhifəsidir və gələcək nəsillərə bu ruhu ötürmək hamımızın borcudur”.
Aytac Məhərrəmova çıxışının sonunda tədbirin təşkilində əməyi keçənlərə və iştirakçılara təşəkkür edib, Dərya Group-un gələcəkdə də bu kimi maarifləndirici layihələri davam etdirəcəyini bildirib.
Paraqraf.com
![]()
