Bu gün, 8 Noyabr — Zəfər Günüdür!
Bu gün hər bir azərbaycanlının qürur, sevinç və fəxarət günüdür. Bu gün həm də 44 günlük Vətən müharibəsində canını fəda edən şəhidlərimizin, qazilərimizin, gözü yaşlı analarımızın günüdür.
Müharibə dövründə hər bir azərbaycanlı böyük vətənpərvərlik, dözümlülük və səbir nümayiş etdirdi. Əsgərlərimiz Ali Baş Komandanın rəhbərliyi ilə mərdlik və igidlik göstərərək, səngərlərdə irəlilədilər, düşmən üzərinə əzm və inamla getdilər, xalqımıza bu möhtəşəm qələbə sevincini yaşatdılar.
Hər bir ana övladı üçün nigaran idi, amma əsgərlərimiz ölümdən qorxmayaraq, ürəklərində Allah və Vətən sevgisi ilə şəhərbəşəhər torpaqlarımızı azad etdilər. Xalqımız hər şəhid xəbərində sarsılırdı, lakin o acı bizdə daha böyük döyüş ruhu oyadırdı. Hər şəhid, hər bayraq, hər dua bizi Zəfərə bir addım da yaxınlaşdırırdı.
Ana və ataların “Vətən sağ olsun!” sözləri, bayrağı öpüb göz yaşları içində etdikləri dualar xalqımızın yaddaşına əbədi həkk olundu. O göz yaşları təmizliyin, imanın və Vətən sevgisinin rəmzi idi.
Azərbaycan xalqı 30 il həsrət içində dözdü və nəhayət, Ali Baş Komandanın əmri ilə mübarizəyə qalxdı.
Bu mübarizədə səngərdə olmasa da, hər bir vətəndaş bir əsgər idi. Xalq, əsgərlərlə birlikdə həm sevinir, həm də kədərlənirdi. Müəllimi, həkimi, polisi, ustası, şagirdi, jurnalisti — hamı bir məqsəd, bir amal uğrunda birləşmişdi.
44 günlük müharibə sübut etdi ki, Azərbaycan xalqı Vətənini ölümdən çox sevir. Hər bir uşaq əlində bayraqla “Mən də Vətənim üçün ölməyə hazıram!” deyəndə, qürur hissi bürüyürdü hamını.
Bu tarix xalqımızın yaddaşına, kitablarımıza və bütün dünyaya yazıldı. Ali Baş Komandanımızın müdrikliyi və xalqımızın birliyi ilə əldə olunan bu Zəfər, tarixdə əbədi yaşayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Şəhid valideynlərinə səbir diləyirik.
Mən xalqımla, millətimlə fəxr edirəm!
İnşallah, bu zəfərin dalğası bir gün Təbrizdə, Dərbənddə, Qərbi Azərbaycanda, Borçalıda da dalğalanacaq.
Vətənimiz sağ olsun, bayrağımız hər zaman ucalarda olsun!
Elçin Ağasıyev
Paraqraf.com
![]()
