8 Noyabr — bu tarix təkcə Zəfər deyil, millət olaraq dirçəlişimizin, birliyimizin və inamımızın günüdür. Hər il bu tarix yaxınlaşanda qəlbimdə qəribə bir duyğu yaranır: həm qürur, həm minnətdarlıq, həm də məsuliyyət. Bu günün hər anı, hər xatirəsi bir xalqın yaddaşında yaşayan möhtəşəm tarixdir.
Bu gün biz azad nəfəs alırıqsa, bu, şəhidlərimizin canı, qazilərimizin igidliyi sayəsindədir. Onların hər addımı, hər baxışı bu torpaqlarda iz qoyub. Biz bu izləri yaşatmaqla borcumuzu qaytarmış oluruq. Hər dəfə Zəfər sözünü eşidəndə, sanki o günlərin səsi, o səngərlərin nəfəsi gəlir qulağıma. Qəhrəmanlarımızın adı bu xalqın yaddaşında əbədi yaşayacaq.
Torpaq deyir: “Məni sevdilər,
Qanla yazdılar adımı.”
Hər çağ səslənir Vətən, Vətən,
Qəhrəman xalqım, sağ ol daim!”
Mən bir müəllim kimi bu günü təkcə özüm üçün deyil, şagirdlərimlə birlikdə qeyd edirəm. Onların saf baxışlarında, səmimi səsində Vətən sevgisini görmək, Zəfərin mənasını onlara anlatmaq — bu, mənim üçün ən böyük qürurdur. Hər dəfə bir uşaq “Qarabağ Azərbaycandır” deyəndə, sanki içimdə bir qələbə daha yaşanır. Çünki o sevgi, o inam gələcəyin qoruyucusudur. Uşaqların dilindən gələn bu saf sözlər, bəzən yüzlərlə nitqdən daha təsirli olur.
Uşağa vətən sevgisini öyrətmək, onu dərsdə deyil, hisslərlə öyrətməkdir. Hər dəfə şəhidlərdən danışanda, himni birgə oxuyanda, bir qazi haqqında video izləyəndə onların gözlərində yaranan qürur parıltısı mənə çox şey deyir. O parıltı mənə ümid verir ki, bu torpaqların sabahı əmanətdə deyil, etibardadır. Biz müəllimlər olaraq, yalnız bilik yox, həm də sevgi və dəyər aşılamaqla gələcəyin vətənpərvər insanlarını yetişdiririk.
Sabah OurGroup Peşəkar Təlim Mərkəzi olaraq təşkil etdiyimiz “8 Noyabr Zəfər Günü” onlayn tədbiri də məhz bu məqsədlə hazırlanıb. Həm o qəhrəmanları yad edəcəyik, həm də gələcəyin balaca vətənpərvərlərini bu ruhla böyütməyə çalışacağıq. Hər səs, hər şeir, hər baxış bir minnətdarlıqdır bu müqəddəs torpağa. Bu tədbir sadəcə proqram deyil, qəlbdən gələn təşəkkür, səssiz bir dua, minnət dolu bir and olacaq.
“Vətəni sevmək öyrədilmir, hiss etdirilir”.

İlhamə Bayramova
OurGroup Peşəkar Təlim Mərkəzinin təsisçisi
![]()
