Müasir dünyada cəmiyyətin inkişafını ölçən ən mühüm göstəricilərdən biri gender bərabərliyidir. Qadın və kişinin hüquq, imkan və məsuliyyət baxımından bərabər olması yalnız sosial ədalətin deyil, həm də davamlı inkişafın təməlidir.
Tarix boyu qadınlar bir çox sahələrdə — təhsildə, siyasətdə, elmdə, mədəniyyətdə — öz iradələri ilə baryerləri aşaraq cəmiyyətin dönüş nöqtələrini yaratmışlar. Lakin bu gün belə, bir çox ölkələrdə, o cümlədən bizim reallığımızda da bərabərlik hələ tam reallaşmayıb.
Qadınların iş dünyasında, idarəetmədə və ictimai həyatda daha fəal iştirakı yalnız onların hüququ deyil, həm də cəmiyyətin potensialının açılması deməkdir. Çünki qadın səsi — şəfqətin, ədalətin, vicdanın səsidir. Qadınların qərarvermə proseslərində iştirakı isə daha balanslı və humanist cəmiyyətin yaranmasına səbəb olur.
Gender bərabərliyi sadəcə bir şüar yox, zehniyyət dəyişikliyi tələb edir. Qız uşağının oxumaq, seçmək, özünü ifadə etmək haqqı ailədən, məktəbdən, cəmiyyətdən başlayır. Qadınlar üçün yaradılan imkanlar, əslində, bütün cəmiyyət üçün yaradılan gələcəkdir.
Bir qadın azad olanda, bir ailə nəfəs alır.
Bir qadın təhsil alanda, bir millət işıqlanır.
Gender bərabərliyi — sadəcə qadın məsələsi deyil, insanlıq məsələsidir.
M. Mehdiyeva
![]()
