31 oktyabr – 2 noyabr tarixlərində Quba Heydər Əliyev Mərkəzində təşkil olunan kitab sərgisi bölgənin mədəni həyatında əlamətdar hadisələrdən birinə çevrildi. Bu sərgi həm gənclər, həm müəllimlər, həm də kitabsevərlər üçün bilik və mədəniyyətin bir araya gəldiyi bir məkan oldu.
Tədbir çərçivəsində müxtəlif nəşriyyatlar öz nəşrlərini təqdim etdilər, müəlliflər və yazıçılar oxucularla görüşərək əsərləri barədə maraqlı söhbətlər apardılar. Ziyarətçilər arasında şagirdlər, tələbələr, müəllimlər və bir çox rəsmi şəxslər iştirak edirdi. Xüsusilə gənclərin və könüllülərin fəal iştirakı sərgiyə xüsusi rəng qatdı.
Uşaqlar üçün təşkil olunan oyunlar, nağıl və şeir müsabiqələri, eləcə də musiqili proqramlar balacaların kitaba olan marağını daha da artırdı. Hər bir uşağın üzündəki sevinc, onların gələcəkdə oxumağa və öyrənməyə daha çox həvəs göstərəcəklərinin parlaq göstəricisi idi.
Təşkilatçı kimi bu sərgidə iştirakım mənə dəyərli təcrübə qazandırdı. Nəşriyyat nümayəndələri, müəlliflər və könüllülərlə birgə çalışaraq bu üç günü uğurla başa vurduq. Mənim üçün ən qiymətli qazanc isə orada tanış olduğum insanlar və paylaşdığımız səmimi anlar oldu.
Belə sərgilərin keçirilməsi olduqca vacibdir. Onlar cəmiyyətimizdə oxuma vərdişini təşviq edir, gənclərdə mütaliə mədəniyyətini formalaşdırır və insanları bilik vasitəsilə bir araya gətirir.
Gəlin, texnologiyanın bizi asılı etdiyi bir dövrdə bir qədər telefonlardan uzaqlaşıb kitablarla dost olaq. Çünki hər bir kitab müəllifin sevgisi, zəhməti və hikməti ilə yazılır. Unutmayaq ki, hər insanın həyatı da bir kitab kimidir — gəlin, bu kitabı mərhəmət, sevgi və vətənə bağlılıqla yazaq ki, gələcək nəsillər ondan ilham alsın.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
