Son zamanlar sərnişinlər avtobusların gecikməsi, az sayda olması və interval müddətinin uzunluğu ilə bağlı narazılıq bildirirlər. Nəticədə dayanacaqlarda uzun növbələr yaranır, vətəndaşlar avtobuslara minməkdə çətinlik çəkirlər.
Məsələ ilə bağlı “Paraqraf.com”un sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, şəhərdə, xüsusən də günün pik saatlarında avtobusların hərəkət etdiyi küçə və prospektlərdə nəqliyyat sıxlığı müşahidə olunur. Bu da marşrut xətlərində ləngimələrə səbəb olur.
Qurumdan verilən məlumata görə, AYNA tərəfindən təşkil edilən xüsusi hərəkət zolaqları avtobusların maneəsiz və vaxt itkisinə məruz qalmadan sərnişin daşımasına imkan yaradır. Lakin belə zolaqların olmadığı ərazilərdə avtobuslar tıxac səbəbindən gecikmələrlə üzləşirlər və bu zaman hərəkət intervalları pozulur.
Bununla belə, sərnişin tələbatının artdığı hallarda daşıyıcılara marşrut xətlərinə əlavə avtobusların cəlb edilməsi ilə bağlı tapşırıq verildiyi qeyd olunub.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
