Bəzən həyatın ən çətin anlarında belə insanlardan “necəsən?” sualına eyni cavabı eşidirik:
“Hər şey qaydasındadır.”
Amma çox vaxt bu cümlə, sakit bir səthin altında qaynayan duyğuların sükutla gizlədilməsidir. Bu, bir növ emosional maskadır – insanı qoruyur, amma eyni zamanda yavaş-yavaş daxildən yorur.
“Hər şey qaydasındadır” demək – müdafiə mexanizmidir
İnsan emosiyalarını gizlətməyə çox vaxt təhlükəsizlik məqsədilə meyllənir. Çünki bəzən:
• “Zəif görünmək istəmirəm.”
• “Onsuz da kimsə anlamayacaq.”
• “Hamının problemi var, mənimkini deməyə dəyməz.”
deyə düşünürük.
Beləcə, emosional reallığımızı inkar edirik, amma bu inkar uzunmüddətli dövrdə emosional tükənmə, depressiv hallar və emosional uzaqlaşma ilə nəticələnir.
Emosiyaları gizlətməyin daxili nəticələri
Duyğular – təbiətin bizə verdiyi xəbərdarlıq siqnallarıdır. Onları bastırmaq, siqnalın mənbəyini yox etmədən sadəcə “səsini azaltmaq” kimidir.
Nəticədə:
• Yığılmış gərginlik bədəndə ağrılar, baş gicəllənməsi, ürəkdöyünmə kimi psixosomatik əlamətlərə çevrilir;
• Emosional soyuqluq yaranır – insan nə ağlaya bilir, nə də sevinə;
• İnsan münasibətləri səthi hala gəlir, çünki səmimiyyət duyğu paylaşımından başlayır;
• Həqiqi “mən” unudulur, yerini sosial rollar tutur.
Psixoloji aspekt: Bastırılmış emosiyalar harada “çıxış” tapır?
Emosiyalar bastırıldıqda, onlar heç vaxt tam yox olmur. Beyin onları fərqli formalarda “çıxarır”:
• Tənqidi və ya aqressiv davranışlarda,
• Yuxu pozuntularında,
• Qidalanma və ya alış-veriş asılılığında,
• Hətta səbəbsiz yorğunluq və laqeydlikdə.
Yəni “emosiyalar bədəndən çıxarılmadıqda, bədən onları danışmağa başlayır.”
Həqiqi “qaydasındalıq” nədir?
Hər şeyin həqiqətən qaydasında olması, duyğuların inkarı deyil, onların tanınması və ifadəsidir.
Həqiqi güc – “mən yaxşı deyiləm, amma üzərində işləyirəm” deyə bilməkdir.
Bu, zəiflik deyil. Əksinə, emosional yetkinliyin göstəricisidir. Çünki insan duyğularını tanıdıqca, onlarla baş etməyi də öyrənir.
Nə etmək olar?
1. Duyğularını adlandır: “Pis hiss edirəm” deməklə kifayətlənmə. Özündən soruş – bu hiss nədir? Qəzəb, qorxu, tənhalıq, yoxsa xəyal qırıqlığı?
2. Etibar etdiyin biri ilə paylaş: Danışmaq emosional yükü azaldır.
3. Yaz: Duyğularını kağıza tökmək beynin “boşalmasına” kömək edir.
4. Peşəkar dəstək al: Bəzən “hər şey qaydasındadır” demək, psixoloqla söhbətə ehtiyacın olduğunun əlamətidir.
“Hər şey qaydasındadır” demək bəzən sadəcə “daxilimdə fırtına var, amma sənə deməyə cəsarətim yoxdur” deməyin başqa formasıdır.
Unutma – duyğularını gizlətmək səni güclü göstərməz, sadəcə daxilindəki səsi susdurur.
O səs isə susduqca, özünlə bağın zəifləyir.
Şəbnəm Hüseynova
![]()
