Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə Qərb rəsmiləri ilə atəşkəs planını müzakirə etmək üçün görüş keçirəcəyini açıqlayıb. Ukrayna lideri bildirib ki, əsas məqsəd müharibəni dərhal bitirmək deyil, ilk növbədə diplomatik proseslərə start verməkdir.
“Bu, müharibəni bitirmək planı deyil. İlk növbədə, atəşkəs lazımdır. Bu, diplomatiyaya başlamaq planıdır”, – deyə Zelenski “Reuters” agentliyinə müsahibəsində qeyd edib.
Zelenskinin bu açıqlaması Qərb ölkələrinin Kiyevə hərbi və siyasi dəstəyi ilə bağlı yeni müzakirələri gündəmə gətirib. Politoloqlar hesab edirlər ki, Ukrayna liderinin Qərb rəsmiləri ilə növbəti görüşü müharibənin gedişatında strategiya dəyişikliyinin müzakirəsi ilə bağlı ola bilər.
Politoloq Tural İrfan “Paraqraf.com”a açıqlamasında bildirib ki, Ukrayna və Rusiya arasında müharibə artıq genişmiqyaslı savaşa çevrilib və bu vəziyyət Qərbi ciddi narahat edir:

“Bu müharibədə Ukraynanı əsasən Qərbin dəstəklədiyini nəzərə alaraq deməliyik ki, bu dəstək Avropa İttifaqı dövlətləri tərəfindən davam etdirilməlidir. Lakin burada maraqlar mühüm rol oynayır. ABŞ-nin sabiq Prezidenti Donald Trampın ‘Bu müharibə bizim müharibə deyil, əgər bizim müharibə olsaydı, onu qısa müddətdə bitirərdik’ deməsi də göstərir ki, əsas oyunçular Avropa ölkələridir. ABŞ-nin prosesdən bir qədər kənarda qalması müharibənin uzanmasına gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, ABŞ-nin İraq, Əfqanıstan və Liviya kimi ölkələrdə Avropa ilə birgə hərəkət etməsinə baxmayaraq, Rusiya ilə münasibətlərdə həm iqtisadi, həm də siyasi maraqlar buna mane olur:
“Vaşinqtonun Rusiya ilə ticari əlaqələri və Avropa İttifaqı ilə rəqabəti ortaq qərarların qəbul edilməsini çətinləşdirir”.
Tural İrfan hesab edir ki, Zelenskinin Qərb rəsmiləri ilə yeni görüşləri Ukraynanın müharibə strategiyasında dəyişikliklə bağlı ola bilər:
“Hazırkı siyasət Ukrayna və müttəfiqlərinə üstünlük qazandırmır, əksinə tənəzzülə səbəb olur. Müharibənin uzanması və silah tədarükünün nəticəsiz qalması fərqli diplomatik taktikanın seçilməsini zəruri edib. Əgər söhbət müharibənin yekun həllindən deyil, atəşkəsdən gedirsə, bu, yeni diplomatik təmasların və çıxış yollarının müzakirəsi deməkdir”.
Politoloq əlavə edib ki, görüşdə sülh danışıqları ilə yanaşı, Ukraynanın silah tədarükü məsələlərinin də gündəmdə olacağı istisna edilmir:
“Hər nə qədər sülhdən danışsaq da, reallıq göstərir ki, müharibə davam edir. Atəşkəsin baş tutması üçün Ukraynanın müəyyən üstünlük qazanması vacibdir. Bunun üçün də Qərbin davamlı dəstəyi zəruridir. Hərçənd bu danışıqlarda müəyyən yol xəritəsi müəyyənləşdirilsə də, Rusiyanın hələ də müharibəni davam etdirmək əzmində olması prosesi çətinləşdirir”.
Ekspertin fikrincə, Rusiyanın Çin, İran, Hindistan və Şimali Koreya kimi ölkələrdən dəstək alması, nüvə silahına sahib olması və bu silahdan istifadə ehtimalı Qərbi ehtiyatlı davranmağa məcbur edir:
“Bu vəziyyət ABŞ-nin prosesdən qismən uzaq durmasına, Avropanın isə tərəddüdlü addımlar atmasına gətirib çıxarıb. Halbuki, Ukrayna üçün davamlı hərbi və siyasi dəstəyin azalması onun mövqeyini zəiflədir. Qərb bu müharibədə fasilə vermədən Ukraynaya bütün istiqamətlərdə yardımını davam etdirməlidir”.
Tural İrfanın sözlərinə görə, yaxın zamanda keçiriləcək görüşdə atəşkəsin mümkün yolları, diplomatik addımlar və hərbi yardımın davam etdirilməsi məsələləri əsas müzakirə mövzusu olacaq.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
