Səhər saatlarında paytaxtın Binə qəsəbəsində sərnişin avtobusu yanıb.
Hadisənin başvermə səbəbi və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yanğın zamanı ətraf ərazilər yanğından mühafizə olunub və alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son zamanlar paytaxtda minik avtomobilləri və avtobusların yanma halları artıb. Əvvəllər bu cür hadisələr əsasən yay aylarında — havaların isti keçdiyi dövrlərdə daha çox müşahidə olunurdu.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Paraqraf.com”a açıqlamasında bildirib ki, köhnə avtomobillərdə və avtobuslarda yanğınların əsas səbəbi texniki nasazlıqlarla bağlıdır:

“Köhnə avtomobillərin alışmasına səbəb köhnəlmiş naqil sistemindəki çatışmazlıqlar və ya mühərrik hissəsinə yad cismin düşməsi ola bilər. Avtobusların alışma səbəbləri də eynidir. Ümumilikdə avtobus parkının yenilənməsinə ciddi ehtiyac var və bu istiqamətdə tələblər mövcuddur”.
Ekspert qeyd edib ki, 2025-ci il köhnə avtobusların istismarının son ili hesab olunur:
“2026-cı ildən etibarən köhnə avtobuslar dövriyyədən çıxarılacaq. Əgər avtobusda hər hansı tüstülənmə və ya yanğın baş verərsə, sürücü dərhal nəqliyyat vasitəsini yolun birinci zolağına çəkməli, qapıları açaraq sərnişinlərin təxliyəsini təmin etməlidir. Daha sonra yanğınsöndürən balonla ilkin müdaxilə aparmaq və dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat vermək vacibdir”.
Eldəniz Cəfərov əlavə edib ki, bu kimi hadisələrin qarşısını almaq üçün ictimai nəqliyyat vasitələrində mütəmadi texniki baxış və yanğın təhlükəsizliyi təlimatlarının yerinə yetirilməsi zəruridir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
