Bakıda nəqliyyat sistemində bir sıra yeniliklər planlaşdırılsa da, yeni metro xətlərinin tikintisi və avtobus marşrutlarının yenilənməsi prosesi gözlənildiyindən daha ləng həyata keçirilir. Bu vəziyyət paytaxt sakinlərinin gündəlik hərəkətində müəyyən çətinliklər yaradır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov “Paraqraf.com”a açıqlamasında bildirib ki, marşrut xətləri daim yenilənmə və optimallaşdırma mərhələsindədir:

“Marşrut xətləri açıq fəzada hərəkət edir və bu sahədə mütəmadi olaraq yenilənmə prosesi gedir. Hazırda yeni marşrut xətlərinin yaradılması və mövcud xətlərin təkmilləşdirilməsi dövlətin dəstəyi, layihələndirmə mərhələləri və sahibkarların təşəbbüsləri ilə həyata keçirilir. Bu proseslərdə sahibkarların çevikliyi və biznes maraqları da mühüm rol oynayır”.
Ekspertin sözlərinə görə, marşrut sistemində gecikmələr əsasən yol tıxacları və şəhərdaxili sıxlıqla bağlıdır. Bu amil öz növbəsində ictimai nəqliyyatda, xüsusilə avtobuslarda sərnişin sıxlığının artmasına səbəb olur.
Son illərdə avtobus zolaqlarının ayrılması bu sahəyə müəyyən müsbət təsir göstərib. Qanunvericiliyə əsasən, həmin zolaqlara daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri 100 manat məbləğində cərimə və 2–3 balla cəzalandırılır.
“Bu zolaqların funksionallığı hələ də qorunur və onların tətbiqi şəhər nəqliyyatının ümumi səmərəliliyinə müsbət təsir göstərir. Ləngimələr tam aradan qalxmasa da, avtobusların hərəkətində müəyyən nizam yaranıb”, – deyə Aslan Əsədov qeyd edib.
Bakı şəhərinin 2040-cı ilə qədərki Baş Planına əsasən, metro xətlərinin genişləndirilməsi nəzərdə tutulur. Rəsmi məlumatlara görə, yaxın bir neçə il ərzində 10 yeni metro stansiyasının istifadəyə verilməsi planlaşdırılır.
Yeni stansiyalar əsasən şəhərin mərkəzi hissələrində və yeni inşa olunacaq bənövşəyi və çəhrayı xətlərin tərkibində olacaq. Bununla yanaşı, yeni keçid stansiyalarının tikintisi də planlaşdırılır.
Bakı Metropoliteni dövlət qurumu olduğu üçün bütün tikinti və avadanlıq xərcləri dövlət tərəfindən datasiya hesabına maliyyələşdirilir.
Gecikmələr niyə baş verir?
Metro tikintisi yeraltı infrastrukturla bağlı olduğundan, prosesə torpaq strukturu, landşaft və geoloji şərait kimi amillər təsir göstərir. Xüsusilə “Xətai” və “Ağ şəhər” istiqamətində aparılan işlərin suxur və hidrogeoloji çətinliklər səbəbilə uzanması ehtimal olunur.
“Bu, texniki və maliyyə baxımından təbii prosesdir. Yeni metro xətlərinin inşası böyük vəsait tələb edir, buna görə də bəzi layihələrin tamamlanma müddətində gecikmələr qaçılmazdır”, – deyə ekspert əlavə edib.
Mütəxəssislərin fikrincə, gecikmələr planlaşdırılmış çərçivədən kənar deyil və maliyyə, texniki və layihələndirmə amilləri bu prosesin tempinə birbaşa təsir göstərir.
Cəfərova Validə
Paraqraf.com
![]()
