Gənclərin ən böyük sərvəti onların xəyal gücü və gələcək planlarıdır. Kimisi müəllim olmaq, kimisi biznes qurmaq, kimisi də dünyanın başqa ölkələrində öz bacarığını sübut etmək istəyir. Lakin həyatın sərt reallığı çox hallarda bu xəyalları yarımçıq buraxır. Niyə? Niyə eyni enerjiyə, eyni istedada sahib gənclərin böyük bir qismi öz hədəflərinə çata bilmir? Bu suala səmimi cavab axtaranda, karyera xəyallarının qarşısında duran sosial, psixoloji və sistemli bariyerlər aydın görünür.
Birinci böyük maneə – yanlış istiqamətləndirmə problemidir. Gənclərin çoxu ixtisas seçimini öz istəklərinə görə yox, valideyn təzyiqi, cəmiyyətin “prestij” ölçüləri və ya stereotiplər əsasında edir. Nəticədə gənc sevmədiyi sahədə təhsil alır və illər sonra artıq gecikdiyini anlayır. Xəyal və reallıq ilk cəhddə toqquşur.
İkinci amil – təcrübə boşluğu və sistemin gənclərə etimadsızlığıdır. İş elanlarında “3-5 il təcrübə” şərti yazılan kimi gənc daha startda oyundan kənar qalır. “Yeni məzun təcrübəni harada qazanmalı idi?” sualının cavabı isə çox zaman havada qalır.
Üçüncü problem – motivasiyanın tez sönməsi və psixoloji yorğunluqdur. Sosial şəbəkələrdə hər kəsin uğurlu görünməsi, digərlərinin tez yüksəlməsi, “hər şey alınıb” görüntüsü gənclərdə gizli təzyiq yaradır. Özünü başqaları ilə müqayisə edən gənc bir müddət sonra “məndən adam olmayacaq” düşüncəsinə qapılır. Halbuki uğur heç vaxt qısa yoldan gəlmir.
Dördüncü və ən real maneə – imkan bərabərsizliyidir. İstedadlı gənc bəzən sadəcə bir kursa, bir təlimə, bir mentora, bir şansa ehtiyac duyur. Amma sosial-iqtisadi reallıq bu şansı hər kəsə eyni dərəcədə təqdim etmir. Belə olan halda xəyalların bir hissəsi kağız üzərində qalmağa məhkum olur.
Karyera xəyalını reallığa çevirən gənclərin ortaq cəhətləri var: davamlı öyrənmək, kiçik addımlarla başlamaq, özünü kəşf etmək və itirməkdən qorxmamaq. Dövlət və təhsil sistemi isə gənclərə real imkanlar sunmalı, yalnız diplomla yox, bacarıq yönümlü model qurmalıdır.
Unutmaq olmaz: xəyalın özü zəif deyil, onun yolları bəzən səhv olur. Düz yol, doğru istiqamət və ardıcıl addımlar olduqda, heç bir karyera xəyalı sadəcə “xəyal” kimi qalmaq məcburiyyətində deyil. Gənclərə lazım olan ən vacib şey isə sadəcə budur: eşidilmək, dəstəklənmək və inandırılmaq.
M. Mehdiyeva
![]()
