Bu gün dünyanın demək olar ki, hər ölkəsində eyni sual səslənir: “Bərabər hüquqlar varsa, bəs niyə bərabər imkanlar yoxdur?” Sosial ədalət ideyası kağız üzərində mövcud olsa da, real həyatda insanların böyük hissəsi onun çatışmazlığını hər addımda hiss edir. Bir tərəfdə bahalı maşınların tıxac yaratdığı küçələr, digər tərəfdə isə eyni yoldan piyada keçib bazarlıq pulunu hesablayan insanlar… Uçurum təkcə iqtisadi deyil — psixoloji, sosial və mənəvi qatlara da nüfuz etmiş bir problemdir.
Zənginlə kasıb arasındakı fərqin bu qədər böyüməsinin başlıca səbəblərindən biri sosial imkanların qeyri‐bərabər bölünməsidir. Keyfiyyətli təhsil, tibbi xidmət, sağlam mühit və inkişaf üçün şərait hamıya eyni şəkildə təqdim olunmadıqca, ədalətdən danışmaq çətinləşir. Bir gənc bahalı kurslar, xaricdə təhsil və fərdi inkişaf imkanları ilə öz karyerasına başlanğıc verir, başqa biri isə eyni istedada sahib olduğu halda, sadəcə maddi imkansızlığa görə yolda qalır. Nəticədə cəmiyyət iki yerə bölünür: imkanlıların formalaşdırdığı imkanlar dünyası və imkanı olmayanların sıxışdığı reallıq.
Bu uçurum təkcə cib fərqi yaratmır, düşüncə fərqi də yaradır. Bir tərəf üçün uğur sadəcə plan və çalışmaqla əldə olunan hədəf kimi görünürsə, digəri üçün uğur bəzən əlçatmaz xəyal təsiri bağışlayır. Burada problem insanların tənbəlliyi və ya zəhmətsizliyi deyil — sistemin hamı üçün bərabər start xətti təqdim etməməsidir. Sosial ədalətin olmadığı yerdə gərginlik artır, güvən azalır, cəmiyyətin gələcəyə inamı zəifləyir.
Bəs çıxış yolu nədir? Əslində sosial ədaləti təmin etmək mümkündür — bunun üçün bərabər imkanlara yönəlmiş sosial siyasət, şəffaf idarəetmə və ədalətli bölüşdürmə mexanizmləri lazımdır. Hər bir insan üçün keyfiyyətli təhsil əlçatan olmalı, istedadların yolu maddiyyatla kəsilməməlidir. Cəmiyyətin gücü fərdlərin bərabər inkişaf şansı ilə ölçülür. İmkanlı olmaq qüsur deyil, amma imkanın yalnız bir qrupun əlində cəmlənməsi, digərlərinin isə ümid üzərində yaşaması artıq sosial təhlükədir.
Ədalət — sadəcə qanun kitabında yazılan termin deyil. O, insanın ləyaqət hissinə toxunan, cəmiyyətin dayanıqlığını qoruyan ən əsas dəyərdir. Zənginlə kasıb arasındakı uçurumu azaltmaq mümkündür, yetər ki, cəmiyyət laqeyd olmasın, dövlət ədalətli siyasət yürüdərək imkanları hamı üçün əlçatan etsin və hər kəs başa düşsün: sosial ədalət bərqərar olmadıqca inkişafın özü də davamlı ola bilməz.
M. Mehdiyeva
![]()
