Bu gün gənclər çamadanı “səyahət üçün” yox, qaçış üçün yığıb. Kimsə daha yaxşı təhsil arzulayır, kimsə azad düşüncə mühiti, kimsə ləyaqətli əmək haqqı, kimsə isə sadəcə nəfəs ala biləcəyi bir cəmiyyət axtarır. Gedişlərin arxasında bir duyğu dayanır: gələcəyə inamsızlıq.
Heç kim doğulduğu yerdən səbəbsiz getmir. İnsan vətəni tərk edirsə, deməli, içindəki ümidlə real həyat arasında uçurum yaranıb.
Gənclərin çıxış səbəbləri fərqli görünsə də, mahiyyət eynidir — özünü reallaşdırmaq üçün meydan tapmamaq. Ədalətsizlik – Zəhmətdən çox “tanışlıq” işləyən sistem, təhsil uyğunsuzluğu – diploma dəyər verilir, bacarığa yox, işsizlik və ya aşağı maaş – “Həvəs öldürən əmək bazarı”, söz azadlığı çatışmazlığı – gəncin fikrinə yox, sükutuna dəyər verilməsi, sosial basqılar – “Filankəs nə deyər?”lə boğulan həyat belə bir şəraitdə gənc özünü “öz ölkəsində qonaq” kimi hiss edir.
“Burada yaşamaq, yoxsa getmək?” – Gəncin sındığı məqam. Gənclər mübarizə aparmaqdan qaçmır. Onlar sadəcə belə deyir: “Əgər mənə dəyər verilməyəcəksə, niyə qalam?”
Problem ondadır ki, gəncin səsi çox vaxt eşidilmir. Onlardan səbir tələb olunur, amma fürsət verilmir. Sanki gələcək barədə qərar verənlər gənclər deyil, başqalarıdır. Nəticə: bir qismi susur, bir qismi döyüşür, amma tək qalır, digər qismi isə çəkib gedir.Və ən istedadlı beyinlər ən sürətli çıxanlar olur.
Gənc əslində çox az şey istəyir: vicdanlı rəqabət, əməyə dəyər, səsə hörmət, təhlükəsizlik hissi, imkansız yox, imkanlı gələcək. Gəncin vətəndə qalması üçün ona sadəcə ümid və şərait lazımdır. Kökü olan quş uçmaz, kökü qırılan gənc isə qalmaz.
Gənclərin getməsi təkcə statistika deyil, beyin itkisi, enerji itkisi, gələcək itkisidir. Bu proses uzandıqca: cəmiyyət qocalır, yaradıcılıq ölür, inkişaf gecikir, ölkə gələcəksizləşir.
Çünki gələcək hardadır? – Gəncin içində.
Gənc gedəndə, gələcək də onunla gedir.
Bu sualı gənclərə yox, sistemə vermək lazımdır:
“Niyə getmək onlar üçün qalmaqdan daha cəlbedicidir?”
Gənclər qaçmaq üçün deyil, yaratmaq üçün doğulurlar. Onları saxlamaq qadağa ilə yox, inamla, azadlıqla və ədalətlə mümkündür. Yoxsa sabah pəncərədən baxanda gənc səsi eşidilməyən bir ölkə qalacaq — sakit, amma boş.
M. Mehdiyeva
![]()
