Diplomlar divardan asılı qalır, gənclər isə iş elanlarının qarşısında… XXI əsrin ən acı paradokslarından biri budur: tarixdə heç vaxt bu qədər təhsilli gənc olmamışdı, amma heç vaxt bu qədər təhsilli işsiz də olmamışdı. Bu, sadəcə iqtisadi problem deyil. Bu, həm də psixoloji, sosial və mənəvi böhran əlamətidir.
Gənclər illərlə oxuyur, imtahan verir, təhsil alır. Ancaq universitet qapısından çıxanda qarşılarına çıxan mənzərə çox vaxt eynidir: təcrübə tələb edən, amma təcrübə qazandırmayan iş elanları, əmək haqqına görə yox, tanışlığa görə seçim edən işəgötürənlər, bacarıqdan çox “müəyyən adamların zəngi”nə qiymət verən mühit, teoriya ilə dolu təhsil, amma bazarın tələbinə cavab verməyən biliklər.
Beləliklə, gəncin illərlə topladığı motivasiya ilk ayda puç olur. Cəmiyyət “oxu ki, adam olasan” deyirdi, amma indi sual yaranır: “Adam olmaq üçün oxumaq kifayət etmir?”
İşsizliyin yaratdığı fəsadlar təkcə maddi deyil: özünəinamın itməsi, gec ailə qurma, gec müstəqillik, depressiya aqressiya, ölkədən getmək istəyi. Bu vəziyyətin ən acı tərəfi odur ki, çoxu günahı özündə axtarır, sistemdə deyil.
Gənclər niyə iş tapa bilmir?
1. Təhsil ilə əmək bazarı arasında dərin uçurum – universitet bacarıq yox, məlumat ötürür
2. Təcrübə tələbi absurdu – 22 yaşlı gəncdən 5 il təcrübə gözləmək
3. Kadr çoxluğu, iş yerlərinin azlığı – xüsusən də eyni ixtisaslarda
4. Qeyri-şəffaf seçim mexanizmləri – tanışlıq, rüşvət,
Həll yolları: Universitetlərdə bacarıq mərkəzləri və praktik dərslərin artırılması, dövlət–özəl sektor–universitet əməkdaşlığı ilə tələbəyə təcrübə proqramları, startap və kiçik biznesə dəstək (gənc öz işini qursun), ədalətli, şəffaf işə qəbul sistemi, gənclərə psixoloji və karyera mentorluğu təşkil edilməsidir.
Bir cəmiyyət gəncini işsiz buraxırsa, əslində öz gələcəyini işsiz buraxır. Gənclər işsiz olanda, bir ölkə yavaş-yavaş gələcəyini itirir. Çünki gəncin işi onun çörəyi deyil, həm də dəyər hissidir, kimliyidir, sabahıdır. Təhsilli, amma işsiz nəsil yetişdirmək — hər millətin buraxa biləcəyi ən böyük strateji səhvdir.
Danışmaq lazımdır, tələb etmək lazımdır, dəyişmək lazımdır. Çünki susan nəsil deyil, güclü və dəyərli nəsil gələcəyə aparır.
M. Mehdiyeva
Paraqraf.com
![]()
