Azərbaycanda ali təhsilin inkişafı ilə yanaşı, tələbələrin sosial rifahı və yaşayış şəraiti məsələsi də gündəmdə qalır. Xüsusilə paytaxtda kirayə qiymətlərinin artması və yataqxana çatışmazlığı bir çox gəncin təhsil imkanlarını məhdudlaşdırır. Halbuki, yataqxanalar təkcə yaşayış məkanı deyil, həm də tələbənin formalaşdığı, öyrəndiyi və sosial bacarıqlar qazandığı bir mühitdir. Məhz buna görə də bu məsələnin ictimai və dövlət səviyyəsində həll olunması ali təhsildə bərabər imkanların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov fikirlərini paraqraf.com-a bölüşüb. O, tələbə yataqxanalarının vəziyyətinin ali təhsildə sosial ədalət və imkan bərabərliyi baxımından nə dərəcədə önəm daşıdığını bizimlə bölüşür.
– Kamran müəllim, ilk növbədə tələbə yataqxanalarının mövcud vəziyyətini necə qiymətləndirirsiniz?
İlk növbədə qeyd edim ki, tələbə yataqxanalarının mövcud vəziyyəti Azərbaycan ali təhsil sistemində sosial bərabərliyə və təhsil imkanlarının əlçatanlığına ciddi təsir edən əsas problemlərdən biridir. Yataqxanalar təhsilin bir hissəsi kimi tələbənin yalnız qalma yeri deyil, həm də onun sosiallaşdığı, öyrəndiyi, düşünmə və inkişaf mühiti qazandığı bir məkandır. Lakin reallıq ondan ibarətdir ki, ölkədə tələbələrin böyük hissəsi bu şəraitdən məhrumdur.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə ali məktəblərdə təhsil alan 186 mindən çox tələbədən cəmi 11,700 nəfəri yataqxana yerləri ilə təmin olunub. Bu, cəmi 6 faiz deməkdir. Yəni, hər 100 tələbədən yalnız 6-sı yataqxanada qalmaq imkanı tapır, digərləri isə kirayə mənzillərdə yaşayır və bu da sosial bərabərsizliyi dərinləşdirir.
– Bəs bu çatışmazlığın əsas səbəbləri nələrdir?
Əsas problem uzun illər ərzində yataqxanaların sosial obyekt kimi deyil, inzibati və ya kommersiya məqsədilə istifadə olunması ilə bağlıdır. 1990-cı illərdə bir çox yataqxanalar başqa dövlət orqanlarına verilib, bəziləri isə özəlləşdirilib. Yeni yataqxanaların tikintisinə başlanılmadığından, tələbə sayı artdıqca yerlər azalıb.
Bu vəziyyət regionlardan gələn minlərlə tələbəni çətin duruma salıb. Hazırda Bakıda bir tələbənin aylıq kirayə xərci orta hesabla 300–400 manat təşkil edir ki, bu da təqaüdün bir neçə misli qədərdir. Nəticədə bir çox gənclər ya təhsildən imtina edir, ya da çox ağır şəraitdə yaşayır.
– Son illərdə bu sahədə hansı müsbət dəyişikliklər müşahidə olunur?
Sevindirici hal odur ki, Elm və Təhsil Nazirliyi son illərdə bu istiqamətdə real addımlar atır. UNEC, ADA, Bakı Ali Neft Məktəbi və Azərbaycan-Fransa Universiteti kimi ali məktəblərdə müasir standartlara cavab verən yataqxanalar inşa olunub. Nazirliyin planına görə, 2026-cı ilə qədər ölkə üzrə yataqxanaların tutumu 25 min yerə çatdırılacaq. Bu, dövlətin məsələni prioritet kimi qəbul etdiyini göstərir.
– Dünya təcrübəsində bu sistem necə qurulub və Azərbaycan üçün hansı model daha uyğundur?
Finlandiya, Norveç, Almaniya kimi ölkələrdə tələbələrin 70–80 faizi universitet yataqxanalarında qalır və bu yerlər dövlət tərəfindən subsidiyalaşdırılır. ABŞ və Böyük Britaniyada isə kampuslar tələbə həyatının mərkəzidir – kitabxana, idman, laboratoriya və sosial məkanlar bir yerdə yerləşir. Azərbaycanda bu modelin tətbiqi hələ başlanğıc mərhələsindədir, amma ADA və UNEC nümunələri göstərir ki, düzgün idarəetmə ilə beynəlxalq səviyyədə şərait yaratmaq mümkündür.
– Yataqxanaların olmaması tələbələrin təhsil keyfiyyətinə necə təsir edir?
Bu, çox ciddi məsələdir. Araşdırmalar göstərir ki, yataqxanada qalan tələbələr dərsə davamiyyət, qrup fəaliyyətinə qoşulma və akademik motivasiya baxımından daha aktivdirlər. Çünki bu, həm sosial, həm də öyrənmə mühitidir. Təəssüf ki, bəzi mövcud yataqxanalarda şərait köhnə isitmə sistemləri, sanitar problemlər, internet çatışmazlığı və sıxlıq səbəbindən tələbənin rahatlığını təmin etmir.
– Gələcəkdə bu problemin həlli üçün nə təklif edərdiniz?
Ən vacib məsələ dövlət və universitetlərin məsuliyyət bölgüsünün dəqiqləşdirilməsidir. Yataqxanalar yalnız universitetlərin daxili problemi kimi deyil, dövlətin sosial siyasət prioriteti kimi qiymətləndirilməlidir. “Ali təhsil haqqında” yeni qanun layihəsində tələbə rifahı ayrıca bənd kimi yer almalı, hər universitet qəbul planına uyğun sayda yataqxana yeri təmin etməyə borclu olmalıdır.
Həmçinin, bələdiyyələr və özəl sektor da bu prosesə cəlb olunmalıdır. “Tələbə evləri” layihələri dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilə bilər.
– Sonda, gələcəyə baxışınız necədir?
Elm və Təhsil Nazirliyinin “Tələbə kampusu” və “Yaşıl kampus” kimi layihələri çox müsbət addımlardır. Əgər bu siyasət ardıcıl davam etdirilərsə, yaxın illərdə “yataqxanada dözmək” anlayışı “yataqxanada yaşamaq və inkişaf etmək” anlayışı ilə əvəzlənəcək. Bu, Azərbaycanın təhsil sistemində sosial ədalət və keyfiyyət baxımından yeni mərhələnin başlanğıcı olacaq.
Validə Cəfərova
Paraqraf.com
![]()
