Son günlər Azərbaycanda ət idxalına məhdudiyyət tətbiq olunacağı ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə narahatlıq yaradıb. Ət məhsulları gündəlik tələbat mallarından olduğu üçün bu sahədə atılacaq istənilən addım həm bazara, həm də istehlakçıların büdcəsinə birbaşa təsir göstərir. Mövcud vəziyyətlə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Paraqraf.com-a açıqlama verib bildirib ki, ət idxalına hər hansı məhdudiyyət tətbiq ediləcəyi təqdirdə, daxili bazarda qiymət artımı qaçılmaz ola bilər:

“Ət idxalının azaldılması bazarda təklifin kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq. Yerli istehsal hələlik bu boşluğu tam doldura bilmir. Bu da qiymətlərin avtomatik olaraq yüksəlməsinə gətirib çıxaracaq,” – deyə Akif Nəsirli bildirib.
O qeyd edir ki, hazırda yerli fermerlərin xərcləri – xüsusilə yem, yanacaq və nəqliyyat sahəsindəki artım – məhsulun maya dəyərini yüksəldir. Bu da bazarda yerli ətin rəqabət qabiliyyətini azaldır:
“Əgər idxal məhdudlaşdırılarsa, fermerlər bu fürsətdən istifadə edərək qiymətləri daha da artırmağa meyilli ola bilərlər. Bu isə əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək”.
Ekspertin fikrincə, qısa müddətdə bu qərar bazarda bahalaşma və bəzi bölgələrdə ət qıtlığı ilə nəticələnə bilər. Uzunmüddətli dövrdə isə vəziyyəti sabitləşdirmək üçün dövlət müəyyən dəstək tədbirləri həyata keçirməlidir:
“Yerli istehsal artırılmalı, fermerlərə subsidiyalar verilməli, logistika və infrastruktur sahəsində təkmilləşdirmələr aparılmalıdır. Yalnız bu yolla daxili bazar idxaldan asılı vəziyyətdən çıxarıla bilər”.
Validə
Paraqraf.com
![]()
