Münasibət – insanın həyatının ən həssas və dərin sahəsidir. Sevgi, anlayış və hörmət üzərində qurulan bir bağ insanı gücləndirə, həyatına mənəvi dəyər qata bilər. Lakin bəzən elə münasibətlər olur ki, sevgi adı altında insanın enerjisini, azadlığını və özünə inamını əlindən alır. Bu, toksik münasibət adlanır.
Toksik münasibətdə insan daim gərginlik içində olur. Qarşı tərəf onu manipulyasiya edir, günahkar hiss etdirir, bəzən isə sevgi adı altında nəzarət altına alır.
Belə münasibətlərdə:
-Emosional şantaj baş verir (“məni sevirsənsə, belə eləməlisən” kimi ifadələr.
-Tənqid və alçaltma sevgi yerinə keçir.
-Qarşı tərəf sənin sərhədlərini tanımır, şəxsi həyatına müdaxilə edir.
-Qorxu və günah hissi daim səni müşayiət edir.
-Zamanla öz dəyərini unudursan, sanki kiminsə razılığını almaq üçün yaşayırsan.
Toksik münasibətdən ayrılmaq çox vaxt asan olmur. İnsan sevdiyi şəxsi itirməkdən qorxur, “bəlkə dəyişər” ümidi ilə illərlə gözləyir. Amma unutmaq olmaz: dəyişiklik yalnız iki tərəfin istəyi ilə mümkündür. Əgər bir tərəf münasibəti zəhərləyirsə, o zaman bu bağın gələcəyi yoxdur.
Necə uzaqlaşmaq lazımdır:
1. Reallığı qəbul et. Özünə dürüst ol – bu münasibət sənə xoşbəxtlik yox, ağrı gətirirsə, artıq dayanmaq vaxtıdır.
2. Sərhədlərini müəyyən et. “Yox” deməyi öyrən. Hər şeyə razı olmaq sevgi deyil.
3. Dəstək axtar. Dost, ailə, psixoloq – səni anlayacaq birinin olması çox önəmlidir.
4. Özünü bərpa et. Öz dəyərlərinə qayıt, sevdiyin şeylərlə məşğul ol, özünə qayğı göstər.
5. Qərarından dönmə. Toksik insan səni yenidən manipulyasiya etməyə çalışacaq. Xatırla: geriyə dönmək eyni ağrını yenidən yaşamaq deməkdir.
Sağlam münasibət güvən, hörmət və anlayış üzərində qurulur. Toksik münasibət isə səni məhv edir, kim olduğunu unutdurur. Bəzən sevgi üçün deyil, özünü qorumaq üçün uzaqlaşmaq lazımdır. Çünki sən dəyərlisən — bunu sənə heç kim unutdurmamalıdır.
M.Mehdiyeva
![]()
