Aşılmaz dağların dənizlə qucaqlaşdığı, hər tərəfi meşə, bulaq və çaylarla örtülmüş bir şəhər vardı. Bu şəhərdəki insanlar təbiət qədər saf, bulaq qədər şəffaf və dağlar qədər dözümlü idilər. Qonaqpərvərlik, əməksevərlik və insanlara qayğı göstərmək onların həyat tərzinə çevrilmişdi.
Bu gözəl şəhərdə bir yazıçı yaşayırdı. Onun yazdıqları oxucuları nağıl aləminə aparsa da, reallığın acı və həqiqi parçalarından yoğrulmuşdu. Qələmindən çıxan hər sətirdə həyatın özü vardı – ağrılar, sevinclər, insanın içindəki fırtınalar. Ancaq onun özü bəzən ziddiyyətli idi: həm mərhəmətli, həm qəddar; həm saf, həm də qorxulu; həm gülərüz, həm də qaraqabaq görünürdü. Cəmiyyət onu ya anlamır, ya da anlamaqdan qorxurdu.
Bəziləri bu yazıçını “dəli”, digərləri isə “dahiliklə dəlilik arasında ilişib qalmış bir insan” adlandırırdı. O isə içində gedən savaşı, xarici aləmlə deyil, öz içində çözmək istəyirdi. Həyatla, insanlarla və ən əsası öz “mən”i ilə.
Bir gün, meşədə — təbiətin ürəyində — qəribə bir hadisə baş verdi. Bulaq başında rast gəldiyi sirli bir ağsaqqal ona qəribə bir evdən bəhs etdi: “Orada bir gün qalsan, nə arzulasan yerinə yetər.” Yazıçı yola çıxdı, qorxularının içinə doğru getdi. Və orada – həmin evdə – özünü gördü. Güzgüdə, səssiz divarlarda, qaranlıq otaqlarda və ağsaqqalın dərin səsində… O gün yazıçı bir həqiqətlə üzləşdi: insanın düşməni başqası deyil, öz içində gizlətdiyi qaranlıqdır.
Dua etdi. Dəyişmək istədi. Və oyandıqda, həyatına fərqli bir yol cızdı. Artıq yazdığı hekayələrdə tənqid yox, anlayış; kin yox, şəfqət; özünü sübut etməyə çalışma yox, insanlara kömək etmək istəyi vardı.
Aylar keçdi. İnsanlar onun dəyişdiyini gördü. Onun iç dünyası aydınlandıqca, ətrafındakı münasibətlər də dəyişdi. Sevgi və hörmət qazandı. Bir zamanlar qovulmaq istənilən o yazıçı, indi dinlənilən, hörmət edilən bir şəxsə çevrildi.
O gün yenidən bulağın başına getdi. Su içərkən, suyun üzündə ağsaqqalın əksini gördü. Səsi bir daha gəldi:
“Sən o evdə bir gün qaldın. Arzunu tutdun. Yerinə yetdi. Sən – insan oldun”.
Bu hekayə təkcə bir yazıçının yox, dəyişmək istəyən hər bir insanın hekayəsidir. Hər kəsin içində bir “ev” var. Qaranlıq, sirli və bəzən qorxulu. Amma oraya girə bilənlər, qorxularının gözünə baxanlar, ən çətin olanı bacarır: İnsan olmağı.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
