Hər gün həyatımızın hansısa bir hissəsində— ailə, iş, dostluq— bu sözü işlədirik “ kaş məni başa düşərdi”. Birini anlamaq, onun vəziyyətində olmadan özünü hardasa onun yerində hiss edib ona uyğun addım atmaq məhz bu “Empatiya” adlanır. Yəni,— İnsan olmaq.
İnsan olmaq təkcə danışmaq, düşünmək və yaşamaq deyil. İnsan olmaq — başqasını anlamaqdır. Elə bir an gəlir ki, sözlər deyil, duyğular danışır. Məhz o an biz empatiyanı — yəni qarşımızdakının yerinə özümüzü qoymaq bacarığını yaşayırıq.
Əgər empatiya olmasa, insanlar bir-birinə yadlaşar. Bütün mübahisələrin, qarşıdurmaların, hətta müharibələrin kökündə də anlayışsızlıq dayanır. Empatiya isə o anlayışı yaradır — insanın “mən”indən “biz”inə aparan körpüdür.
Bir müəllim şagirdinə empatiya ilə yanaşanda, təlim tərzi dəyişir. Bir valideyn övladını anlamağa çalışanda, ailədə istilik yaranır. Bir rəhbər işçisini dinləyəndə, iş mühiti insaniləşir.
Bu gün texnologiya bizi bir-birimizə yaxınlaşdırır, amma bəzən ruhca uzaqlaşdırır. Sosial şəbəkələrdə başqalarının hisslərini deyil, yalnız nəticələrini görürük. Empatiya bizi bu soyuqluqdan qoruyur — insanlığımızı xatırladır.
Hər kəsin bir hekayəsi var — biz o hekayəni bilmədən mühakimə edirik. Empatiya isə susub dinləməyi, başqasının da “daxili dünyası” olduğunu dərk etməyi öyrədir.
Empatiyanı gücləndirmək üçün dinləmək və anlamağa çalışmaq, müşahidə etmək— bəzən insanlar anlaşılmadığını düşünüb susmağı seçir—, hirslənmədən öncə düşünmək, ən əsası isə kömək etmək. Kömək etmək bir çox formada ola bilər bəzən bir cümlə, bəzən də dinləyici olmaq..
Empatiya dünyanın ən sadə, amma ən böyük gücüdür. O, nə qanuna, nə də sərvətə bağlı deyil — ürəyə bağlıdır.
Daha anlayışlı, mehriban, dinc bir cəmiyyətin əsası empatiyadır. Çünki biz bir-birimizi anladıqca, insanlıq daha güclü olur.
Müqayyə Mehdiyyə
Paraqraf.com
![]()
