Son zamanlar sürücülər arasında geniş müzakirə olunan məsələlərdən biri AzParking tətbiqi ilə bağlıdır. Belə ki, bəzi hallarda vətəndaş AzParking vasitəsilə parklanma üçün ödəniş etsə də, sonradan həmin yerdə avtomobilini düzgün park etmədiyinə görə cərimə olunur. Bu isə sürücülərdə haqlı narahatlığa səbəb olur.
Məsələn, vətəndaş avtomobilini parklanma yerində saxlayır, AzParking tətbiqini aktivləşdirərək ödəniş edir və bu əməliyyat sistem tərəfindən qəbul olunur. Lakin bir gün sonra məlum olur ki, həmin ərazidə düzgün parklanma qaydaları pozulub və sürücü inzibati qaydada cərimələnib. Nəticədə vətəndaş həm parklanma haqqını, həm də cərimə məbləğini ödəməli olur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Paraqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, sürücülər tərəfindən edilən ödənişlər parklanma yerindən istifadəyə görə nəzərdə tutulub. Bu ödənişlər, yalnız dayanma hüququ verən xidmət haqqıdır və qaydaların pozulması halında cərimədən azad olunmanı təmin etmir.
AYNA-nın açıqlamasında deyilir:
“Bütün parklanma məntəqələrində nəqliyyat vasitələrinin monitorinqi mütəmadi şəkildə aparılır və bu məlumatlar sistemə ötürülür. Əgər avtomobilin parklanması qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun deyilsə, bu zaman sistem tərəfindən pozuntu qeydə alınır və sürücüyə cərimə tətbiq olunur”.
Başqa sözlə, AzParking tətbiqi ilə ödənişin həyata keçirilməsi avtomatik olaraq parklanmanın düzgün aparıldığını təsdiq etmir. Qaydalara əməl olunmadığı təqdirdə, hətta ödəniş edilmiş olsa belə, cərimə tətbiq oluna bilər.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
