Azərbaycanda yeniyetmələrin erkən yaşda ana olması faktları azalmır, əksinə, zaman-zaman gündəmə gəlir. Bu dəfə isə cəmiyyətin ən həssas nöqtəsinə toxunan hadisə baş verib: cəmi 16 yaşlı qız övlad dünyaya gətirib. Bu, təkcə ailə faciəsi deyil, həm də dövlət qurumlarının nəzarət boşluğunun, maarifləndirmə işinin zəifliyinin və uşaqların hüquqlarının yetərincə qorunmamasının bariz göstəricisidir.
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Mədinə Leqayeva Paraqraf.com-a açıqlamasında bildirib ki, 16 yaşlı qızın ana olması, həmin uşağın atası olan şəxsin cinayət məsuliyyətinə səbəb olan əməlinin baş verməsi deməkdir:

“Belə hallar yerli icra orqanlarının, polis şöbələrinin və sahə rəislərinin hüquqi maarifləndirmədə zəif fəaliyyət göstərdiyini göstərir. Bir uşaq 9 ay hamilə olur, amma heç bir orqan bundan xəbər tutmur? Bu, qəbuledilməzdir.
Qadın Vəkillər Alyansı olaraq biz müxtəlif bölgələrdə maarifləndirmə aparırıq. Yerli məktəblər, həkimlər, psixoloqlar da kənd-kənd gəzərək uşaqları və valideynləri məlumatlandırmalıdırlar. Polis məktəblərdə valideynlərlə mütəmadi görüşlər təşkil etməli, bu görüşlərdə vəkillər, həkimlər və psixoloqlar da iştirak etməlidir. Burada söhbət təkcə cinayət faktından getmir, 16 yaşlı qızın aldığı psixoloji travmadan gedir. Bu yaşda olan uşaqlar nə uşaq saxlamağın məsuliyyətini dərk edir, nə də həyat qərarlarının nəticəsini anlaya bilirlər. Ağ gəlinlik xəyalları ilə aldanıb talelərini puç edə bilərlər”.
Mədinə Leqayeva əlavə edib ki, təkcə sosial şəbəkələrdə maarifləndirmə aparmaq kifayət deyil:
“Çünki gənclərin böyük qismi sosial şəbəkələrdə faydalı məlumatlara deyil, əxlaqsız və şit paylaşımlara diqqət yetirir. Buna görə də məcburi maarifləndirmə tədbirləri tətbiq edilməli, həm valideynlər, həm də uşaqlar hüquqi və psixoloji baxımdan maarifləndirilməlidir. Məsuliyyət və sanksiyalar açıq şəkildə izah olunmalıdır ki, gənclər cinayət əməli törətməyin nəticələrini başa düşsün və bundan çəkinsinlər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
