Müasir dövrdə texnologiyanın sürətli inkişafı həyatın bütün sahələrinə nüfuz edib.
“Paraqraf.com” xəbər verir ki mobil telefonlar, planşetlər, sosial media platformaları və internet əsaslı tətbiqlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Lakin bu rahatlığın və əlçatanlığın kölgəsində böyüyən, bəlkə də cəmiyyətin hələ tam dərk etmədiyi bir problem var – *rəqəmsal asılılıq*.
Rəqəmsal asılılıq — insanların texnoloji cihazlardan, xüsusilə də internet və sosial mediadan kontrolsuz istifadə etməsi nəticəsində yaranan psixoloji və sosial asılılıq vəziyyətidir. Bu hal yuxu pozğunluğu, diqqət dağınıqlığı, sosial təcrid, aqressiv davranış və zehni yorğunluqla müşayiət olunur.
Psixoloqların fikrincə, xüsusilə uşaqlar və yeniyetmələrin texnologiyadan həddindən artıq istifadəsi nəticəsində nitq ləngiməsi, diqqət dağınıqlığı, sosial təcrid və aqressiv davranışlarla üzləşirlər. Gənclər arasında isə sosial mediada qəbul görmə istəyi asılılığı daha da gücləndirir.
Aparılan araşdırmalar göstərir ki, davamlı telefondan asılı qalmaq yuxu rejiminin pozulmasına, ünsiyyət bacarıqlarının zəifləməsinə və real həyatdan uzaqlaşmaya səbəb olur. Bu isə təkcə fərdlərin deyil, ümumi cəmiyyətin psixososial sağlamlığına mənfi təsir göstərir.
Mütəxəssislər rəqəmsal asılılığın qarşısını almaq üçün ailə daxilində texnologiya istifadəsinə nəzarət edilməsini, ekran vaxtının məhdudlaşdırılmasını və alternativ sosial-fiziki fəaliyyətlərin təşviq olunmasını tövsiyə edirlər.
Qeyd edək ki, bir sıra ölkələrdə artıq məktəblərdə və ictimai yerlərdə rəqəmsal detoks təşəbbüsləri həyata keçirilir.
Ləman
Paraqraf.com
![]()
