Müəllim – elmin, bilik yolunun bələdçisi olduğu kimi həm də cəmiyyətin mənəvi dayağıdır. Tarix boyu müəllimlər yalnız bilik ötürən şəxslər deyil, həm də gənc nəsillərin dünyagörüşünü formalaşdıran, əxlaq və tərbiyə nümunəsi göstərən simalar olmuşlar. Amma zaman keçdikcə bu peşənin ictimai nüfuzu da dəyişikliklərə məruz qalıb.
Əvvəllər hər bir kənddə, şəhərdə müəllimlərin sözünə qulaq asılır, onların tövsiyəsi ailələr üçün qanun kimi qəbul edilirdi. Müəllim həm bilikli, həm də nüfuzlu idi, onun cəmiyyətdə yeri xüsusi sayılırdı. Bu hörmət təkcə təhsil sahəsi ilə məhdudlaşmır, həm də sosial münasibətlərə təsir göstərirdi.
Lakin zaman keçdikcə, texnologiyanın inkişafı informasiya mənbələrinin və artımına gətirib çıxardı. Bu müəllimin roluna da müəyyən təsir göstərdi. Bu gün bilik yalnız müəllimlərdən alınmır; internet, sosial şəbəkələr və digər resurslar gənclərin məlumat mənbəyi kimi ön plana çıxır. Bu isə müəllim nüfuzunu az da olsa dəyişdirib, bəzən onların sözləri əvvəlki qədər “qanun” kimi qəbul olunmur.
Bununla belə, müəllimin rolu hələ də əvəzsizdir. Kitabı açmaq, dərsi keçmək sadəcə bilik ötürmək deyil; müəllim həyat dərsləri, etik davranış nümunələri, özünüifadə bacarığı öyrədir. İctimai hörmətin dəyişməsi bəzi hallarda diqqətsizlik və təzyiq səbəbindən olsa da, əsl müəllim həmişə öz nüfuzunu saxlaya bilir.
Bugünkü cəmiyyətdə müəllim nüfuzunun qorunması üçün həm dövlət, həm də ictimaiyyət üzərinə böyük məsuliyyət düşür. Müəllim peşəsi yalnız maaş və sosial təminatla ölçülməməli, həm də cəmiyyətin diqqət və hörməti ilə dəstəklənməlidir. Çünki müəllim nüfuzu – gələcəyin, gənc nəsillərin və bütövlükdə cəmiyyətin zəmanətidir.
Nəticə etibarilə, müəllim nüfuzu ənənəvi formasını bu gün dəyişsə də, onun əhəmiyyəti və cəmiyyət üçün rolu hər zaman qalır. Sadəcə biz müasir dövrdə müəllimləri yalnız dərs öyrədən biri olaraq deyil, həyat bələdçisi və mənəvi dayaq olaraq görməliyik.
M.Mehdiyeva
![]()
