08 oktyabr 2025-ci il tarixində Beynəlxalq Diaspora Mərkəzinin nümayəndə heyəti Çexiya Respublikasının Senatında bir sıra rəsmi görüşlər keçirmişdir. Görüş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində baş tutmuşdur. Tədbirdə Beynəlxalq Diaspora Mərkəzinin nümayəndə heyəti – İsmayıl Ağayev və Rauf Zeyni, eləcə də Azərbaycan Diasporunun Şərqi Avropa Koordinasiya Şurasının Koordinatoru Fərid Əmirəliyev iştirak etmişlər.
Görüş zamanı Çexiyanın keçmiş təhsil naziri, Senatın sabiq üzvü Marcel Chládek, həmçinin Senatın Təhsil, Elm, Mədəniyyət, İnsan Hüquqları və Sosial Məsələlər üzrə Komitəsinin birinci katibi Jana Hauserová ilə səmərəli fikir mübadiləsi aparılmışdır.
Xüsusilə qeyd olunmuşdur ki, Çexiya Senatının İnsan Hüquqları Bürosunun rəhbərliyi Beynəlxalq Diaspora Mərkəzinin Senatda keçirdiyi görüş barədə bütün senat üzvlərinə məlumat təqdim edəcək. Eyni zamanda, layihə çərçivəsində “Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı: Avropa təcrübəsi” mövzusunda Senat tərəfindən veriləcək tövsiyələrin hazırlanacağı bildirilmişdir.
Tərəflər arasında səmimi və qarşılıqlı hörmət mühiti hökm sürmüşdür. Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim olunan hədiyyələr – Qərbi Azərbaycanla bağlı xalça, informasiya bukleti, “Qərbi azərbaycanlıların qayıdış konsepsiyası”na dair film, kitablar, suvenirlər və Qərbi Azərbaycan çay kolleksiyası – böyük maraqla qarşılanmışdır.
Eyni zamanda, çex tərəfi də öz hədiyyələrini təqdim etmiş və Azərbaycan nümayəndə heyətini Senat binasının tarixi və inzibati hissələri ilə ətraflı tanış etmişdir.
Görüş zamanı Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev Qərbi azərbaycanlıların ata yurdlarına qayıdışı istiqamətində görülən işlər və layihə çərçivəsində aparılan araşdırmalar barədə məlumat vermiş, bu sahədə Avropa təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulamışdır.
Beynəlxalq Diaspora Mərkəzinin İdarə Heyətinin üzvü, Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni çıxışında diaspor fəaliyyətində vətənpərvərlik ideyalarının təbliğinin vacibliyini qeyd etmiş, Avropa ölkələrində yaşayan azərbaycanlı icmalar arasında həmrəyliyin gücləndirilməsinin önəmini vurğulamışdır. O, həmçinin Çexiya ictimaiyyətinin Qərbi Azərbaycan həqiqətlərinə daha dərindən bələd olması üçün birgə layihələrin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Tərəflər gələcək əməkdaşlıq imkanlarını, o cümlədən humanitar, mədəni və diaspor diplomatiyası istiqamətində birgə təşəbbüslərin reallaşdırılmasını da müzakirə etmişlər.


Paraqraf.com
![]()
Visited 15 times, 1 visit(s) today
