Yay fəsli insanlara bir növ nəfəs almaq, tətil etmək, özlərini yeniləmək fürsəti verir. Bu aylarda insanlar işlərini yekunlaşdıraraq istirahətə çıxır: kimisi uzaq ölkələrin səfərinə gedir, kimisi isə dağların sərinliyinə, meşələrin yaşıllığına üz tutur. Yayın isti nəfəsi insanları yorulmağa qoymur, əksinə, həyat eşqini alovlandırır. Hər kəs bu fəsildə günəşin şəfqətini, təbiətin bərəkətini doya-doya hiss edir.
Amma yayın sərinləşən nəfəsi ilə birlikdə payız qapını döyür. Sanki təbiət də insan kimi yeni mövsümə hazırlaşır. Payızın yağış damcıları torpağa toxunaraq həyatın ritmini dəyişir, hər kəs istirahətdən sonra işinə qayıdır və gündəlik qayğıların arasına pozitiv ruhla qarışır.
Payız təbiətə misilsiz bir rəngarənglik bəxş edir. Sarı, narıncı və qızılıya çalan yarpaqlar yeri bəzəyir, hər addımda xışıltısı eşidilən yarpaq xalısı sanki təbiətin bizə hədiyyəsidir. Bu fəsil həm də bolluq və bərəkət mövsümüdür: torpaq canlanır, əkinlər başlanır, məhsul toplanır. Yağış torpağı doyurur, tökülən yarpaqlar torpağı gübrələyir, beləliklə təbiət növbəti mövsüm üçün gizlicə hazırlıq görür.
Payız həm təbiətin, həm də insan həyatının ayrılmaz parçasıdır. O, bizə həm dəyişimin gözəlliyini, həm də hər sonun yeni bir başlanğıca çevrildiyini xatırladır.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
