Müasir dövrdə klassik avtomobillərə maraq hələ də azalmayıb. Onlar xüsusi tədbirlərdə, sərgilərdə nümayiş etdirilir və avtomobil həvəskarlarının diqqət mərkəzində qalır.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev Paraqraf.com-a açıqlamasında bildirib ki, klassik avtomobillərin sevilməsinin bir çox səbəbləri var:

“Ölkəmizdə 15 il öncə klassik avtomobilləri əsasən xüsusi həvəskarlar qoruyub saxlayırdılar. Son illərdə isə Azərbaycan Avtomobil Federasiyasının bu avtomobillərə göstərdiyi dəyər, təşkil etdiyi sərgi və tədbirlər marağın artmasına səbəb olub. Artıq həvəsi olmayan insanlar belə klassik avtomobillərə maraq göstərir, həvəskarlar isə onları əldə etməyə çalışırlar. Klassik avtomobili saxlamaq maliyyə tələb etsə də, indi buna nüfuz və imic göstəricisi kimi baxanlar da var”.
Müsahibimiz vurğulayıb ki, insanların klassik avtomobillərə sevgisinin əsas səbəbi keçmişlə bağlılıqdır:
“İnsanlar hiss olaraq keçmişə daha çox bağlıdırlar. Bu da onların klassik avtomobilləri sevməsinə gətirib çıxaran əsas amillərdəndir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
