Dünya – Allahın bizə bəxş etdiyi ən böyük hədiyyədir.
O, əvvəlcə bizə can verdi, sonra isə bu dünyanı yaratdı. Dağları, meşələri, şirin və duzlu suları, dörd fəsili, heyvanları və meyvələri insana nemət olaraq təqdim etdi.
Allah həm istini, həm də soyuğu var etdi. İnsan isə zamanla anladı ki, hər ikisinin öz hikməti var. İsti torpağı oyadır, toxumu cücərdir, meyvəni şirinləşdirir, bədənə güc verir. Soyuq isə təbiəti qoruyur – dağların zirvəsində qar donur ki, yazda çaylara su olsun, ehtiyat yaransın. Soyuq torpağa istirahət, insana isə möhkəmlik bəxş edir. Beləcə, isti ilə soyuq bir-birini tamamlayır: biri həyat bəxş edir, digəri onu qoruyur.
Lakin insan bu hikməti unutdu.
Təbiətin gözəlliklərindən zövq almaq, azad yaşamaq əvəzinə biz bir-birimizi əsarətə saldıq. Dinlər, dövlətlər, hakimiyyətlər yaratdıq və güc hərisliyinə düşdük. Ən böyük səhvimiz isə müharibələr oldu. İnsan bir-birini öldürdükcə, əslində Ana Təbiəti öldürdü – meşələri yandırdı, suları zəhərlədi, torpağı korladı.
Bir müdrik belə demişdi:
“İnsan nə qədər güclü hökmdar olsa da, dövlətlər alsa da, əslində zəifdir. Çünki isti ilə torpağın meyvəsini, soyuqla suyun ehtiyatını qoruya bilməyən təbiəti məhv edən insan heç vaxt azad ola bilməz. Ana Təbiət ölsə, azadlıq da, insanlıq da ölər.”
Bu sözlər dərindən düşündürür. Çünki əgər Ana Təbiət məhv olsa dövlət də dağılacaq, xalq da tükənəcək, azadlıq da yox olacaq.
Ey insan!
Allahın sənə verdiyi bu hədiyyənin qədrini bil. Müharibəsiz, davasız, sultansız yaşa. Təbiəti qoru ki, həm dünyada xoşbəxt olasan, həm də Allahın yanında savab qazanasan. Çünki bu dünya – Ana Təbiət – bizim sınaq yerimizdir. Əsl vətənimiz isə Cənnətdir. Ora gedə bilmək üçün burada təbiəti qorumalı, bir-birimizə dayaq olmalıyıq.
Unutma: Ana Təbiət məhv olarsa, dövlət də məhv olar, xalq da, azadlıq da.
İnsanın gücü nə silahda, nə hakimiyyətdədir. Əsl güc təbiəti qorumaqda, sülhü yaratmaqda, Allahın verdiyi hədiyyəni dəyərləndirməkdədir.
Allah bizi qul olaraq yaratmadı biz özümüz özümüzü qul etdik.
Gəlin birlik olaq, təbiəti gücləndirək, sülhü yaşadaq. Çünki yalnız dünyanı qoruya bilən insan Allahın yanında əbədi azadlığa qovuşacaq.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
