Hər birimiz sinif otağına daxil olanda dərs planımız, icmalımız olur. Amma müəllimlik elə bir yoldur ki, onun ən dəyərli dərsləri planlaşdırılmır. Zamanla anlayırsan ki, uşaqların yaddaşında ən çox qalan, izah etdiyin mövzular deyil, onlara yaşatdığın hisslərdir. Biz yalnız uşağın zehninə deyil, qəlbinə də toxunuruq.
Müəllimlik – insan ruhuna toxunmaq sənətidir. Bəzən sadəcə “afərin” demək bir gələcəyi dəyişir, bəzən “bacararsan” cümləsi bir uşağın həyat yolunu işıqlandırır.
Müəllim olmaq təkcə öyrətmək deyil, həm də öyrənməkdir: səbir, mərhəmət və insan sevgisini. Müəllimlik bəzən səssiz bir fədakarlıqdır. Hər bir baxış, hər bir hərəkət, hər bir münasibət uşaqlarda iz buraxır və bu izlər bir gün onların seçimlərini, dünyaya baxışlarını formalaşdırır.
Ona görə də hər gün sinifə daxil olanda düşünürəm: bu gün mən yalnız mövzu deyil, həyat dərsi də ötürürəm. Və bu dərs sinif otağından çox-çox uzaqlara gedir – uşaqların gələcəyinə, cəmiyyətə, dünyaya.
Əsl müəllimlik də elə budur: öyrətdiyini lövhədə deyil, insanların həyatında görmək.
İlhamə Bayramova
Paraqraf.com
![]()
