Əfqanıstanın bir çox əyalətlərində, o cümlədən paytaxt Kabil, Qəndəhar, Xost, Qəzni və Heratda mobil şəbəkələr və internetə çıxış bərpa edilib.
“Paraqraf.com” xəbər verir ki, Taliban hökuməti bu kəsinti ilə bağlı rəsmi açıqlama verməsə də, AFP-yə danışan bir rəsmi şəxs bazar ertəsi axşam saatlarında fiber optik şəbəkənin “sonrakı xəbərdarlığa qədər” bağlanacağını bildirib.
Kibertəhlükəsizliyə nəzarət edən NetBlocks təşkilatı bildirib ki, ölkədə internet əlaqəsi normal səviyyənin cəmi 1 faizi həddinə enib və bunun “qəsdən həyata keçirilmiş bir kəsinti” olduğunu vurğulayıb.
İnternetin kəsilməsi nəticəsində banklar, poçt şöbələri, hava limanları və bir çox müəssisələr fəaliyyətini dayandırıb. Vətəndaşlar arasında ünsiyyət çətinləşib, bəzi ailələr övladlarını məktəbə göndərməyib. Herat və Qəndəhar bölgələrində insanlar internetə çıxış üçün İran və Pakistan sərhədlərinə üz tutublar.
Birləşmiş Millətlər Təşkilatı çərşənbə axşamı Əfqanıstanın demək olar ki, dünya ilə əlaqəsinin tamamilə kəsildiyini bildirib və kommunikasiyanın bərpa olunmasına çağırıb.
Son həftələrdə internet bağlantısında yavaşlama və fasilələr müşahidə olunurdu. Taliban lideri Hibətullah Axundzadənin göstərişi ilə sentyabrın 16-da ilk olaraq ölkənin şimal əyalətlərində internetə giriş məhdudlaşdırılıb.
Bəlx vilayətinin sözçüsü Attaullah Zaid bu addımı sosial mediada “əxlaqsızlığın qarşısını almaq” məqsədilə atdıqlarını qeyd edib. O həmçinin iddia edib ki, internet tətbiqləri “Əfqanıstanın iqtisadi, mədəni və dini əsaslarına mənfi təsir göstərir”.
Ləman
Paraqraf.com
![]()
