“Birləşmiş Ştatlar potensial hərbi münaqişəyə hazır olmalıdır”.
Bu fikirləri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn səsləndirib.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Paraqraf.com-a açıqlamasında bildirib ki, dünyadakı qlobal nizamsızlığın əsas memarlarından biri də məhz ABŞ-dir və bu, Vaşinqtonun gec-tez birbaşa hər hansı münaqişənin tərəfi olacağını göstərir:

“Bu proses yalnız ABŞ-yə aid deyil, bütün qlobal güclər hərbi potensiallarını artırmaq məcburiyyətindədir. Hegemonluğunu qorumaq istəyən və dünyanın müxtəlif bölgələrində hərbi bazaları olan ABŞ həm rəqiblərinin onu sınamasına imkan verməmək, həm də lider mövqeyini möhkəmləndirmək üçün hərbi hazırlığını davamlı gücləndirir. Təsadüfi deyil ki, ABŞ Müdafiə Nazirliyi çox vaxt “Savaş Nazirliyi” kimi xarakterizə olunur. Bu, siyasi və hərbi diplomatiyanın birləşməsinin bariz nümunəsi olmaqla, dünyaya açıq mesaj verir: ABŞ istənilən güc təhdidinə qarşı cavab verməyə hazırdır”.
Ekspertin sözlərinə görə, ABŞ-nin bu strategiyaya yönəlməsinin əsas səbəbləri sırasında Çinin yüksəlişi, Rusiyanın təzyiqləri və İranın təhlükə mənbəyi kimi çıxış etməsi dayanır.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
