“Azərbaycan evlərində künclərin çox vaxt lazımsız və köhnə əşyalarla dolu olması evin energetikasına mənfi təsir göstərir, axını pozur”.
Bu sözləri ölkədə ilk oneyromant (insanların yuxularını psixoloji cəhətdən analiz edən mütəxəssis) Günay Bayramova “Paraqraf.com”-a açıqlamasında deyib.
Onun sözlərinə görə, evin künclərini mümkün qədər boş saxlamaq tövsiyə olunur:
“Əgər əşya yerləşdirilirsə, onu küncə sıx qoymaq düzgün deyil, bir qədər məsafə saxlamaq lazımdır. Evin təmizliyi daim diqqətdə olmalıdır, əl dəyməyən, toz yığılmış bucaqlar evin enerjisini ağırlaşdırır. Fenşuy fəlsəfəsinə əsasən, boş bucaqlar evdə enerjinin sərbəst dövr etməsinə imkan yaradır”.
Günay Bayramova əlavə edib ki, mebel seçərkən yerə tam oturmayan modellərə üstünlük vermək faydalıdır:
“Aşağısı açıq olan mebellər evdə hava və enerji axınını yaxşılaşdırır. Evə girəndə hiss edilən sıxıntı çox vaxt bu tıxanmış enerjidən qaynaqlanır. Əşyaları birdən-birə dəyişmək çətin ola bilər, amma gələcəkdə planlama apararkən bu prinsiplərə diqqət yetirmək faydalıdır”.
Onun sözlərinə görə, evdə güzgülərin yerləşməsi də enerji baxımından xüsusi önəm daşıyır:
“Fenşuy fəlsəfəsinə görə güzgülər sadəcə dekor deyil, həm də enerji daşıyıcılarıdır. Əgər güzgülər düzgün yerləşdirilməzsə, evdəki enerji axınına və psixoloji durumumuza mənfi təsir göstərə bilər. Məsələn, güzgülərin bir-birinə baxması enerjinin davamlı şəkildə “sıçramasına” səbəb olur”.
O, xüsusilə yataq otağında güzgülərin yerləşdirilməsinə diqqət edilməsini tövsiyə edib:
“Yatağı əks etdirən güzgülər arzuolunmazdır. Çünki yuxu zamanı bədən enerjetik baxımdan qorunmasız olur və bu, aşağı astral təsirlərə açıq hala gətirə bilər. Nəticədə insan yorğun oyanır, qarışıq və narahatedici yuxular görür. Əgər güzgüləri yerindən tərpətmək mümkün deyilsə, heç olmasa birini örtmək məsləhətdir. Digər tərəfdən, qonaq otağında və süfrənin qarşısında yerləşən güzgülər isə müsbət enerji yaradır. Çünki fenşuya görə, güzgü nəyi görürsə, onu çoxaldır. Əgər bolluq içində olan süfrəni əks etdirirsə, bu, bolluq və bərəkətin artmasına səbəb olur”.
Ləman
Paraqraf.com
![]()
