Yeni Vyana Məktəbinin banisi Arnold Şönberq (1874 – 1951) dünya musiqi tarixində novator bəstəkarlardan sayılır. Onun novatorluğu ondan ibarət idi ki, o, yeni musiqi sistemi sayılan dodekafoniyanı yaradıb. O, bu yeniliyi öz tələbələri A.Berq və A.Vebernlə birgə edib. Bəstəkar burada musiqinin ənənəvi prinsiplərindən uzaqlaşmağa çalışır. Beləliklə, o, atonal sistemi yaradır. Bu sistem səslərin sabit – qeyri sabit bölgüsünü inkar edir. Atonallıq üçün xarakterik olan cəhətlər: dissonansların üstünlüyü, həlli olmayan gərginliyin stabilliyi “İntizar” monodramında öz əksini tapır. Bəstəkar vokal janrında da novator kimi çıxış edib. Bu dövrün əsas əsəri “Aylı Pyerro” (sözləri: A.Jironundur) melodeklomasiya silsiləli vokal məcmuəsidir. Şönberq burada kabera janrının fransız ənənəsini və faciəvi kaberanı yaratmağa çalışıb.
Dodekafoniya atonal musiqinin inkişafı nəticəsində yaranıb. Bu sistemi qurmaq üçün 12 xrammatik səsin hamısından istifadə edilməlidir. Bir seriya daxilində hər səs yalnız bir dəfə istifadə edilə bilər və təkrara yol verilmir. Səslər arasında üçsəslilərin istifadəsi qadağandır. Seriya 4 formada yazılır: əsas, inversiya, xərçəng, xərçəng-inversiya. Bu 4 formanın qurulması üçün ən əhəmiyyətlisi əsas formanı qurmaqdı. Əsas qurulur daha sonra inversiya qurulmağa başlanılır. İnversiyanın ilk və son səsi əsasın ilk və son səsi ilə eynilik təşkil etməlidir. Əsasda qurulan səslər say etibarilə əks istiqamətdə yazılır. Xərçəng əsasın sondan başa, xərçəng-inversiya isə inversiyanın əks istiqamətdə yazılışıdır. Bu kvadrat ya bütünlüklə, ya da bəziləri əsər bəstələnərkən istifadə olunur. Əsər daxilində 12 səsin hamısı istifadə edilməsi şərtilə bir səsin ossenat təkarına icazə verilir. Əsər seriyanın istənilən səsindən başlaya bilər. Lakin sonradan əvvəlki səslər mütləq şəkildə əlavə olunmalıdır. Əsər bəstələrkən bu qayda nəzərə alınır. Seriyanın əsas və müxtəlif olmaqla 47 forması mövcuddur.
Bu sistemdə hesablama ön planda olduğuna görə melodiya arxa plana keçir. A.Şönberqin tonal-atonal musiqiyə keçidindəki kəskin fərqlər atonal-dodekafoniya musiqisinə keçidində bir o qədər də hiss olunmur.

Bu sistemi, o, 1922-ci ildə tərtib edir. Özü isə bu haqda belə yazır: “Mən alman musiqisinin yaxın 100 ildə hökmranlığını təmin edəcək bir kəşf etmişəm”. Bu dövrdən başlayaraq Şönberq Avropa musiqi modernizminin liderinə çevrilir. Yaradıcılığının dodekafoniya dövrünün orkestr üçün variasiyalar, simli kvartetlər, skripka və orkestr üçün konsert və orkestr üçün konsert kimi əsərlərində özünün kompozisiya texnikasının tonal yazı və klassik formalarla – rondo, sonata, variasiya və polifonik formalarla uzlaşdırması müşahidə olunur.

Azərbaycan musiqisində bu üslubdan istifadə edən ilk bəstəkar Qara Qarayevdir (simfoniya №3 ən bariz nünunə). Bəstəkarın son əsərlərini eşidən Qərb musiqiçiləri dəfələrlə etiraf ediblər ki, Qarayevin bu əsərləri Qərb “Seriyaçıları”nın əsərlərinə heç bənzəmir. Bu da təbiidir ki, dodekofoniya bəstəkar üçün heç vaxt bir məqsəd rolunu oynamayıb, yalnız texniki vasitə idi. Elə ona görə son səhnə əsəri olan “Çılğın Qaskoniyalı” müziklında bəstəkar artıq bu vasitədən, bu üsuldan istifadə etməyib. Hələ 1961-ci ildə Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində keçirilən Beynəlxalq musiqi festivalından qayıdan Qarayev öz təəssüratını ifadə edərək belə deyib: “Biz onlardan əlli il geri qalmışıq”. Elə bundan sonra o, Qərbin musiqi sistemlərini, texnologiyasını öyrənməyə başlayır və bunun üçün çoxlu vaxt, güc, enerji sərf edir. Bu baxımdan bəstəkarın “Вопросы Литературы” (“Ədəbiyyat sualları”) jurnalındakı müsahibəsi ilə tanış olmaq maraqlıdır. Bəstəkar etiraf edir ki, müasir musiqi sistemlərinin, həmçinin dodekofoniyanın nəzəriyyə və təcrübəsinin əsaslarını öyrənmək üçün çox vaxt sərf edib. Lakin bu yazı texnikasını bəstəkar Şönberqdən fərqli olaraq digər etik və estetik məqsədlər üçün istifadə edib. O, yazır ki, “3-cü simfoniyada mən yeni dilin müasir dövrün ruhunu daha gözəl etdirməyə qadir olduğunu deməyə çalışmışam.”
Qara Qarayevin “Üçüncü simfoniya”sı 1965-ci ildə yazılıb və ilk dəfə Moskvada böyük uğurla ifa olunub. Əsərin mərkəzində dayanan obraz Azərbaycan milli xarakterinin müasir mərhələsini əks etdirir. Xalqların azadlıq uğrunda mübarizəsi, dövrün yaraları – Xirosima və Osvensim, uzaq məmləkətlərin faciəsi, kosmosun fəthi – bir sözlə, atom əsrinin bütün təzadları onu düşündürür. Belə mürəkkəb müasir insan obrazını yaratmaq üçün asan, keçilmiş yollarla irəliləmək mümkün deyildi. Bəstəkarın musiqi dilindəki mürəkkəbliyi də məhz məzmunun xarakterindən doğurdu. Bəstəkar ən müasir vasitələrdən də məzmuna müvafiq olanları seçib, ən qəliz səslənmələrdən qorxmayıb. Üçüncü simfoniyada bəstəkar müasir dünyanın geniş panoramasını təsvir etməyə çalışmayıb. O, müasir dünyanın problemlərinin konkret insan şüurunda əksini, insan xarakterində inikasını, insan obrazının süzgəcindən keçməsini göstərməyə çalışıb. Bəlkə elə buna görə də bəstəkar böyük simfonik orkestrə müraciət etməyib. O kamera orkestrinin imkanlarına əsaslanmış və bu imkanlardan böyük məharət və istedadla istifadə edib, yığcam, lakonik musiqi əsəri yaratmağa müvəffəq olub.
Artur Şönberq. “İntizar” monodramı
Artur Şönberq. “Aylı Pyerro”
http://www.youtube.com/watch?v=KsIATAaR-X0
Vəfa Bağırzadə
Paraqraf.com
![]()
