İndoneziyada məktəblərdə qida zəhərlənmələri artır
Paraqraf.com xəbər verir ki, İndoneziyada pulsuz məktəb yeməklərindən sonra zəhərlənən şagirdlərin sayı 6 minə çatıb.
İndoneziya Prezidenti Probovo Subianto proqramı müdafiə edərək bildirib ki, təsirlənənlərin sayı çox kiçik faiz təşkil edir və layihə davam etdiriləcək:
“Əlbəttə ki, çatışmazlıqlar və qida zəhərlənmələri baş verib. Amma təqdim olunan bütün yeməklərlə müqayisədə səhvlərin payı cəmi 0,00017 faizdir”.
Prezidentin sözlərinə görə, uşaqların böyümədə geriləməsinin qarşısını almaq məqsədi daşıyan proqram bir çox məktəblilərin qidalanmasını yaxşılaşdırıb, yeni iş yerləri yaradıb, həmçinin yerli fermerlər və balıqçılar üçün bazar imkanları açıb:
“Bu, razı qaldığımız anlamına gəlmir. Amma düşünürəm ki, bu qədər genişmiqyaslı səyi dünya tarixində görmək çətindir. Məsələn, Braziliya 40 milyon alıcıya çatmaq üçün 11 il vaxt sərf edib”.
Probovo Subianto proqram çərçivəsində qida təhlükəsizliyinin gücləndirilməsi üçün yeni tədbirlər görüləcəyini açıqlayıb. Onun göstərişinə əsasən, bütün mətbəxlərdə qida keyfiyyətini yoxlamaq üçün sürətli test avadanlıqları, sterilizasiya qabları, su filtrləri və mərkəzi hökumətlə əlaqəli kamera sistemləri quraşdırılacaq.
Milli Qidalanma Agentliyi isə ötən həftə proqramda iştirak edən 9000 mətbəxdən 40-nın standartlara cavab vermədiyi üçün bağlandığını açıqlayıb.
Ləman
Paraqraf.com
![]()
