Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar Liqasının növbəti oyununu 1 oktyabr tarixində Danimarkanın “Kopenhagen” klubuna qarşı keçirəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Mövzu ilə bağlı Paraqraf.com-a danışan idman jurnalisti Namiq Abbasov bildirib ki, bu oyun “Qarabağ”ın liqa mərhələsindəki ikinci tur matçıdır və komanda bu qarşılaşmada vacib 3 xal üçün mübarizə aparacaq.

“Danimarka təmsilçisi bizə yad deyil. “Qarabağ” daha əvvəl “Kopenhagen”i məğlub edərək pley-off mərhələsinə yüksəlmişdi. İndi isə eyni rəqiblə yenidən qarşılaşırıq. Amma bu dəfəki “Kopenhagen” əvvəlkindən daha zəif görünür. Onların ölkə çempionatındakı çıxışları uğurlu deyil və heyətdə ciddi itkilər var. Bu isə bizim üçün üstünlükdür. Məlumata görə, əsas oyunçularından bir neçəsi bu oyunda iştirak edə bilməyəcək”, – deyə jurnalist vurğulayıb.
Bununla belə, “Qarabağ”da da itkilər mövcuddur. Xüsusilə, komandanın əsas yarımmüdafiəçilərindən olan Marko Yankoviçin zədələnməsi Qurban Qurbanovun seçimlərini məhdudlaşdıra bilər.
“Əvvəlcə onun zədəsinin əzələ spazması olduğu bildirilirdi. Lakin sonradan məlum oldu ki, Yankoviç dördbaşlı əzələnin gərilməsi diaqnozu ilə sıradan çıxıb. Bu tip zədənin sağalması təxminən 6 həftə vaxt aparacaq. Deməli, futbolçu bu oyunu buraxacaq”, – deyə Abbasov qeyd edib.
Jurnalist eyni zamanda Ramil Şeydayevin vəziyyətinə də toxunub:
“Ramilin “Kopenhagen”ə qarşı oynayıb-oynamayacağını əvvəlcədən söyləmək çətindir. Qurban Qurbanov ehtimal ki, daha hazır və formda olan futbolçulara üstünlük verəcək. Nəriman Axundzadə və Musa Qurbanlı kimi oyunçular varkən, Ramilin meydana çıxmaması mümkündür. Bu oyunda Yankoviçin mövqeyini isə böyük ehtimalla Kadi Borges tutacaq”.
Namiq Abbasov bu oyunun “Qarabağ” üçün turnir baxımından böyük əhəmiyyət daşıdığını da xüsusi vurğulayıb:
“Komandanın mərhələ adlaması üçün minimum 12 xal toplaması vacibdir. Qarşıda çətin rəqiblər var və bu səbəbdən ev oyunlarında xal itkisinə yol vermək olmaz. “Qarabağ” səfərdə qazandığı qələbəni Bakıda davam etdirməlidir. Üstəlik, hazırkı “Kopenhagen” əvvəlki qədər güclü deyil və bu baxımdan rəqib keçilməz sədd sayılmır”.
1 oktyabr tarixində keçiriləcək bu qarşılaşma “Qarabağ” üçün yalnız üç xal uğrunda mübarizə deyil, həm də növbəti mərhələyə aparan yolun əsas açarı ola bilər. Doğma azarkeşlər qarşısında oynamaq komanda üçün əlavə motivasiya yaradacaq.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
